Naxçıvanı Türkiyənin himayəsinə alan general Kazım Karabəkirə heykəl qoymağa pul tapılmır

Naxçıvanı Türkiyənin himayəsinə alan general Kazım Karabəkirə heykəl qoymağa pul tapılmır
# 02 avqust 2013 07:02 (UTC +04:00)

Bu barədə APA-nın Türkiyə bürosuna Kazım Karabəkir Vəqfindən məlumat verilib.

Vəqfdən bildirilib ki, Mustafa Kamal Atatürk, Kazım Karabəkir və Rauf Orbayın vəqfin binasında qoyulması planlaşdırılan bal mumu heykəl kompleksinin yapımında maddi sıxıntı olduğu, ona görə də bal mumu heykəllərinin inşasına başlana bilmədiyi qeyd edilib.

Heykəl kompleksi eskizinin müəllifi, azərbaycanlı sənətkar Sənan Eynullayev də APA-ya açıqlamasında Kazım Karabəkir Vəqfində qoymağı planlaşdırdığı bal mumu heykəl kompleksi ilə bağlı yaşanan maddi problemi təsdiqləyib: “Kazım Karabəkirin qızı Timsal xanımla görüşümüzdə o, mənə ən böyük arzusunun atasının ən yaxın dostları olmuş Mustafa Kamal Atatürk və Rauf Orbayla bir yerdə bal mumu heykəlinin Kazım Karabəkir Vəqfində görmək olduğunu söyləmişdi. Bunu nəzərə alaraq mən sadəcə heykəllərin yapımı üçün çəkiləcək xərci Vəqfdən istəmişdim, zəhmətimə görə isə pul almayacaqdım. Çünki bu cür işləri görmək biz sənətkarlar üçün vətən borcudur. Ancaq Kazım Karabəkir Vəqfinin maddi imkanları bu layihəni həyata keçirməyimiz üçün uyğun deyil. Heykəl kompleksi üçün lazım olan materialları da özüm alardım, ancaq bal mumu heykəlləri baha olduğuna görə buna mənim də maddi imkanım əl vermir”.

Sənan Eynullayev Kazım Karabəkir Vəqfində qoyulması planlaşdırılan 3 bal mumu heykəlindən ibarət kompleks üçün təxminən 35 min dollar pula ehtiyac olduğunu deyib.

Qeyd edək ki, Türkiyənin istiqlal savaşının qəhrəmanlarından olan Şərq cəbhəsinin komandanı, general Kazım Karabəkir Türkiyə-Ermənistan sərhədlərini müəyyənləşdirən və Türkiyənin Naxçıvan üzərindəki “təminat dövləti” haqlarını tənzimləyən Qars, Gümrü və Moskva sazişlərinin imzalanmasında Türkiyə nümayəndə heyətinə başçılıq edib. O, istiqlal savaşı dövründə Türkiyə Böyük Millət Məclisinə göndərdiyi məktublarda “Ermənistanı tamamilə məhv etmək üçün” Məclisdən səlahiyyət istəyib. “İstiqlal hərbimiz” adlı 2 cildlik kitabında bölgədə cərəyan edən prosesləri gündəlik qeydlərinə əsasən işıqlandıran Kazım Karabəkirin xatirələri 50 cild halında İstanbuldakı “Yapı və Kredi Bankı”nın nəşriyyatında çap olunub. Azərbaycanın məşhur şairi və dramaturqu Hüseyn Cavidin gənclik dostu olmuş Kazım Karabəkir 1946-48-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR