İtalyanın məşhur müğənnisi Heydər Əliyev Mərkəzində konsert verəcək

İtalyanın məşhur müğənnisi Heydər Əliyev Mərkəzində konsert verəcək
# 14 yanvar 2014 10:54 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, dünya akademik səhnəsinin məşhurlarından biri Alessandro Safina Bakıda tezliklə təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını təqdim edəcək.

Musiqi gecəsində müğənninin “Luna”, “Besame Mucho” və s. məşhur mahnıları səslənəcək.

Özünəməxsus səsi və ifa tərzi ilə seçilən, mahnıları və musiqi albomları şöhrət qazanan italiyalı tenor Alessandro Safina 1963-cü il oktyabrın 14-də İtaliyanın Siena şəhərində anadan olub. Erkən yaşlarından musiqini öyrənməyə başlayan A. Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olub və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etməyə başlayıb. 1989-cu ildə o, ilk dəfə Mantova şəhərində “Concorso Lirico Internazionale” müsabiqəsində mükafat qazanıb və bu, ifaçının parlaq karyerasının başlanğıcı olub.

Müğənni dünyanın ən məşhur konsert salonlarında - Mantovadakı “Teatro Bibiena”da, Londondakı “Barbican Hall”da və digərlərində çıxış edib.

A. Safinanın opera yaradıcılığı ilə yanaşı, Sara Braytman, Elton Con, Xose Karreras və digər məşhurlarla birgə çıxışları da şöhrət qazanıb.

A. Safina klassik və populyar musiqi janrlarını birləşdirməklə sənətdə “opera roku” adlandırılan yeni üslub yaradıb. O, 1999-cu ildə özündə opera, soul və müzikl elementlərini cəmləşdirən “Insieme a Te” albomunu buraxdırıb. “Luna” sinqlının yer aldığı diski isə dünyada milyonların rəğbətini qazanıb.

A. Safina müğənniliklə yanaşı, filmlərə də çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR