Azərbaycan və Malayziya arasında qarşılıqlı səfərlər planlaşdırılır

Azərbaycan və Malayziya arasında qarşılıqlı səfərlər planlaşdırılır
# 21 aprel 2014 08:12 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bu il Azərbaycan və Malayziya arasında dövlət rəsmiləri səviyyəsində qarşılıqlı səfərlər planlaşdırılır. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev məlumat verib. Səfir bildirib ki, iyul ayında Malayziya Federal Məhkəməsinin sədrinin, payız aylarında Malayziya parlamentinin sədrinin, sentyabr ayının 11-dən 13-dək isə Malayziya Müdafiə Nazirliyindən bir heyətin Azərbaycana səfərləri gözlənilir: “Bu heyətə müdafiə naziri və ya nazir müavini rəhbərlik edəcək. Malayziya heyətinin Bakıda keçiriləcək hərbi sərgidə iştirakı planlaşdırılır”.

Bundan başqa, yay aylarında Malayziya baş nazirinin Bakıya səfəri planlaşdırılır ki, bu da iki ölkə arasında ilk yüksək səviyyəli dövlət səfəri olacaq. Hazırda bu səfərlə bağlı danışıqlar gedir. Baş nazir eyni zamanda Azərbaycanda Malayziya səfirliyinin açılışında iştirak edəcək.

Bu il Azərbaycandan Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin sədrlərinin, noyabr ayında isə Azərbaycan prezidentinin Malayziyaya səfəri gözlənilir.

Q. Allahverdiyev bildirib ki, iki ölkə arasında mədəniyyət sahəsində də səfərlər planlaşdırılır. Belə ki, noyabr ayında Azərbaycanın xalq artisti Alim Qasımovun Kuala Lumpurda, buna qədər isə Malayziyadan xalq rəqsləri ansamblının Azərbaycanda konsertləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR