Ukraynada yaşayan azsaylı xalqlar Kiyevdə baş verən hadisələrlə bağlı etiraz bəyanatı yayıblar

Ukraynada yaşayan azsaylı xalqlar Kiyevdə baş verən hadisələrlə bağlı etiraz bəyanatı yayıblar
# 22 yanvar 2014 09:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynada yaşayan azsaylı xalqlar ölkədə baş verən kütləvi etiraz aksiyaları, qarşıdurmalar və yaranan xaosla bağlı bəyanat yayıblar.

Ukrayna Millətlər Assambleyasından (UMA) APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, ölkə vətəndaşları olan etnik xalqlar paytaxt Kiyevdə baş verən zorakılığı, qarşıdurmanı pisləyir, bundan bərk narahat olduqlarını bildirir və bu hadisələrin etnik xalqların da həyat tərzinə, işgüzar mühitinə ciddi təsir göstərdiyini bəyan edir.

Bəyanatda bildirilir ki, ölkənin ictimai, siyasi və nəticədə iqtisadi vəziyyətinin destabilizisiyası yerli hakimiyyət orqanlarının, müəssisələrin və bütövlükdə ölkənin işinə mənfi təsir göstərir: “Bunların hamısı yaşadığımız ölkədə həyat üçün təhdiddir. Ukraynadakı vəziyyət ölkədəki tam əksəriyyət etnik xalqları özündə birləşdirən təşkilat kimi bizi çox narahat edir”.

Assambleya bütün bu narahatlığın təcili aradan qaldırılması üçün ölkə siyasətçilərini təcili konstruktiv dialoqa və barışığa çağırır, Ukraynada insanların, vətəndaşların dinc toplaşma azadlığı və hüquqlarına, söz azadlığına, digər ümumbəşəri dəyərlərə şərtsiz riayət olunmasını tələb edir: “Biz Ukrayna rəhbərliyini vətəndaş cəmiyyətinin bölünməsinin, Ukrayna dövlətçiliyinin mütərəqqi inkişafına qarşı edilən qəsdlərin qarşısını almağa çağırırıq. Ukrayna Millətlər Assambleyası milliyyətindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, bütün vətəndaşları Ukraynada əmin-amanlıq, sülh və stabilliyin qorunması naminə səylərini birləşdirməyə çağırır”.

Qeyd edək ki, UMA-da Ukrayna Yəhudi Fondu, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzi, Ümumukrayna Türkdilli Xalqları Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Ukrayna Qaqauzları Konqresi və ölkədə yaşayan digər etnik xalqlara məxsus təşkilatlar birləşir. UMA-nın hazırkı prezidenti Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR