Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri və İran xarici işlər nazirinin müavini ilə görüşüb

Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri və İran xarici işlər nazirinin müavini ilə görüşüb
# 08 noyabr 2013 12:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 7-8 noyabr tarixlərində İndoneziyada keçirilən Demokratik Forumda iştirakı çərçivəsində İndoneziyanın xarici işlər naziri Marti Nataleqava ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlər, xüsusilə enerji sahəsində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

M. Nataleqava Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın təşəbbüsü ilə BMT TŞ-da “BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli iclasın əhəmiyyətini vurğulayıb.

E. Məmmədyarov indoneziyalı həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verərək, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyə görə İndoneziya tərəfinə öz təşəkkürünü bildirib.

Marti Nataleqava Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Azərbaycanın və İndoneziyanın üzvü olduqları regional təşkilatlar arasında əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi barəsində razılıq əldə olunub.

E. Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib və dəvət qəbul olunub. E. Məmmədyarov İranın xarici işlər nazirinin müavini, İran nümayəndə heyətinin başçısı Morteza Sarmadi ilə də görüş keçirib. Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR