Tünzalə Ağayeva: “Növbəti mahnım Güney Azərbaycan mövzusunda olacaq” - MÜSAHİBƏ - FOTOSESSİYA

Tünzalə Ağayeva: “Növbəti mahnım Güney Azərbaycan mövzusunda olacaq” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">FOTOSESSİYA
# 03 iyun 2013 12:59 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Əməkdar artist Tünzalə Ağayevanın APA-ya müsahibəsi

- Tünzalə xanım, sizi son vaxtlar tez-tez Türkiyə ilə birgə layihələrdə görürük. Elə bu yaxında da orada çıxış etmişdiniz...

- Çalışıram ki, daha çox ciddi, sosial əhəmiyyətli, yaradıcılıq və sənətlə bağlı layihələdə iştirak edim. Bu yaxında 28 may - Respublika günü ilə əlaqədar baş konsulluğun dəvəti ilə İstanbuldakı tədbirdə çıxış etdim.

- Hazırda Azərbaycanda bir çox müğənnilər Türkiyə şou-biznesinə qatılmağa can atır. Siz necə?

- Ümumiyyətlə, şou-biznes kommersiya ilə bağlıdır. Mən hər zaman bir ayaqla şou-biznesdə, bir ayaqla sənətin ciddi sahəsində olmuşam. Türkiyə şou-biznesinə qatılmaq istəyən müğənniləri daha çox işin kommersiya tərəfi maraqlandırır. Qardaş Türkiyəyə gedib-gəlməyim isə maddiyyatla bağlı deyil. Mənim üçün işin yaradıcılıq tərəfi daha çox əhəmiyyətlidir. Məni oradakı musiqi, ciddi, gözəl sənət və ən əsası, Azərbaycan musiqisinin təbliği maraqlandırır. Payızda Türkiyə ilə bağlı yeni layihəm olacaq. Bu yenilik pop musiqisi və şou-bizneslə bağlı yox, tamamilə başqa səmtdə Azərbaycan və türk mahnılarının qovuşmasına və tanıdılmasına xidmət edəcək.

- Belə başa düşdüm ki, müğənnilər Türkiyə şou-biznesinə sırf kommersiya ilə bağlı can atırlar.

- Ən əsası kommersiya və tanınmaqdır. Orada pop janrına daha çox meyl var. Ona görə də, ora mənim strategiyama uyğun deyil.

- Özünüzü Azərbaycan şou-biznesinin tərkib hissəsi hesab edirsiniz?

- Mən bir ayağımla şou-biznesdəyəm. Yəni yaradıcılığımın yarısı kommersiyaya, yarısı isə əsl sənətə istiqamətlənib. Məni hər zaman daha çox caz, klassik, xalq musiqi ənənələri maraqlandırıb. Elə mahnılarım var ki, onları sırf kommersiya üçün yazmışam. Məsələn, son dövrlərdə sevilən, insanlar tərəfindən daha tez qəbul olunan “Xoş gəldin, gülüm” mahnısı kommersiya məqsədi daşıyır. Böyük kütlənin dinləyəcəyi bir mahnı ifa edirəmsə, növbəti dəfə mahiyyətcə daha düşündürücü, ağır olan mahnıya üstünlük verirəm. Növbəti mahnım Güney Azərbaycan mövzusundadır. İfa edəcəyim “Arazam, Kürə bəndəm” mahnısı rok-pop janrındadır. Bu mahnıda bir üsyan, bir nisgil ifadə olunub. Özüm yazmışam deyə demirəm, amma rezonans doğuran mahnı olacaq. O mahnıdan sonra qəzəl üzərində caz kompozisiyası hazırlamağı fikirləşirəm.

- Bəs dünya şou-biznesinə qatılmaq fikriniz varmı?

- Bu çox ciddi məsələdir. Dünyada müxtəlif tanınmış prodakşnlar var. Gün ərzində yüzlərlə bizim kimi, bizdən gənc və yaşlı ifaçılar oraya müraciət edir. Həmin şirkətlər hamını qəbul edə bilməz. Onlar öz maraqlarına uyğun səs və görünüşə malik ifaçıları seçirlər. Elə insanlar var ki, o qapılarda illərini sərf edirlər. Mənə bir-iki dəfə belə şans yaranmışdı. Amma gərək Azərbaycanda fəaliyyətimi dayandırıb Almaniyaya köçəydim. Məni orada hazır mexanizm gözləyirdi. Amma mən bilmirdim ki, mənim oradakı fəaliyyətim nə qədər tez müddətə başlaya bilər və ya orada məni nə gözləyir. Mən nə dərəcədə zaman və daha nələr itirəcəyimi bilmədiyim üçün təklifləri qəbul etməmişəm. Digər ölkələrdə də nə qədər istedadlı insanlar var. Biz onların hamısını tanıyırıq? Bu, bir az da siyasi məsələdir. Dünyada nə qədər musiqi festivalları, beynəlxalq tədbirlər keçirilir. Mən yaradıcılığımı bu tədbirlər, festivallar yönündə istiqamətləndirmişəm. Fikrimcə, bu daha faydalıdır. Heç nə itirmədən özünü tanıda və ölkəni təmsil edə bilərsən.

- Siz yaradıcılığa yeni başlayanda həm ifa tərzi, həm də görünüş baxımından indikindən tamamilə fərqlənirdiniz. Baş verən mütəmadi dəyişikliklər hansı zərurətdən yaranır?

- Müğənni bir yerdə durmamalıdır. O, ifa tərzi, repertuar seçimi və görünüşcə daima inkişafda olmalıdır. Təbii olaraq mən 10 il bundan öncəki kimi ola bilmərəm. Sənətdə olduğum on iki ildə özümdə dəyişməyən bir şey var, o da öz mahnılarımı oxumağım. O vaxtdan indiyə kimi mən böyük məmnuniyyətlə mahnılarımı bəstələyib ifa edirəm. Bu, səhnədə olduğum müddətdə belə davam edəcək. Janr, ifa tərzi, mahnıların mahiyyəti, söz seçimi və imic dəyişikliyi normal haldır. İfaçı bu günün tələbatı, tendensiyası və ifa tərzinə uyğun gəlməlidir.

- Müxtəlif dövrlərdə ifa etdiyiniz mahnıları indi də bəyənirsiniz?

- Əlbəttə. Oxuduğum hər bir mahnının öz dövrü olub. Kifayət qədər mahnı adı çəkə bilərəm ki, onların hər biri öz dövründə yazılıb və sevilib. Mən həm də ona görə şanslıyam ki, 10 il öncə oxuduğum mahnılar bu gün dinlənilir və müasir səslənir.

- Hazırda Azərbaycanda eyni üslubda oxuyan müğənnilər çoxdur. Siz həm ifa, həm də imic baxımından onlardan fərqlənirsiniz. Sizcə, müasir musiqi niyə bu qədər bayağılaşıb?

- Çünki bizim estrada ifaçılığında mütəxəssislərimiz çox azdır. Sizcə, dünyada şou-biznes niyə inkişaf edir? Biz hər dəfə fərqli imicdə, fərqli səsdə bir dünya ulduzu tanıyırıq. Müğənniləri dünya səviyyəsinə çıxaran böyük prodakşnlar, prodüserlər, bəstəkarlar var. Dünya prodakşnları fərqli ifaçılarla fərqli işlər ortaya qoyurlar. Bu böyük industriyadır. Həmin industriya Azərbaycanda olmadığı üçün hər kəs öz gücünə özfəaliyyətlə məşğul olur. Hazırda estradada işinə professional yanaşan müğənnilər çox azdır. Müasir mahnı bəstəkarları da yetərincə deyil. Gənc bəstəkarların da dünya musiqisi haqqında bilikləri yoxdur. Ən əsası isə müğənni öz üzərində işləməlidir. O, həm dünya, həm Azərbaycan musiqisini öyrənməli, müasir musiqi estradasının hardan qaynaqlandığını bilməlidir. Hər gün dünyada musiqi sahəsindəki yeniliklərdən xəbər tutmalı, özündəki potensialı üzə çıxarmalıdır. Bunlar fərdi məsələlərdir. Ümumi götürdükdə isə Azərbaycanda estrada mərkəzi və ya sırf müasir musiqi təhsili verən bir yerin olmaması da bu problemləri üzə çıxarır. Gənclər özfəaliyyət dövrlərində nə görürlərsə, onu təkrar edirlər. Bunlar olmadıqda təbii ki, bayağılıq meydana gəlir.

- Son dövrlər sizin gənclərlə bağlı keçirilən layihələrdə münsif və ifaçı kimi iştirakınız da diqqətçəkən məqamlardandır...

- Mən hazırda gənclik dövründən çıxmaqdayam. Bəzən ətrafdakılarla zarafat edirəm ki, məni gənclərin dostlu elan etmisiniz, amma mən gənclik dövründən çıxıram. Ancaq bu mənə heç bir əngəl törətmir. Əksinə, fikirləşirəm ki, gənclərin daha təcrübəli, ziyalı, ictimai insanlara ehtiyacı var. Mən də bir vətəndaş, sənət adamı olaraq çalışıram ki, gənclərə əlimdən gəldiyi qədər dəstək olum. Elə bu yaxınlarda Azərbaycanda 2-ci dəfə keçirilən “Univision” adlı ali məktəb tələbələrinin mahnı müsabiqəsində həm təşkilat komitəsində, həm də münsiflər heyətində idim. Gənclərlə işləmək nə qədər əyləncəli olsa da, öz çətinlikləri var. Biri var ki, not bilən, musiqi savadı olan gənclərlə işləmək, biri də var heç bir musiqi təhsili almayan tələbələri səhnəyə hazırlamaq. Onların bir ortaq cəhəti var ki, istedadlıdırlar və musiqini sevirlər.

- Bayaq qeyd etdiniz ki, ifaçının həyatında prodüserin xüsusi rolu var. Siz artıq 12 ildir ki, Yalçın Cabbarovla birlikdə çalışırsınız. Bunun səbəbi nədir?

- Hər bir ifaçıya sənətdə dəstək olan, onu yaxşı başa düşən, hər xırdalığı asanlıqla duya bilən insanın olması vacibdir. Mən də bu cəhətdən şanslı insanam. Doğrudan da Yalçın həyatımdakı nadir insanlardandır ki, kirpiyimin tərpənişindən mənim nə demək istədiyimi başa düşür. Biz bir-birimizə qarşı çox həssasıq. Elə vaxt olur ki, biz onunla ancaq jest, baxış dili ilə danışırıq.

- Yalçın bəy müsahibələrinin birində Sizinlə ilə hər adamın işləyə bilməyəcəyini demişdi...

- Bununla razıyam. Çünki xasiyyətim mürəkkəbdir. Deməzdim ki, kaprizliyəm, amma özümə görə yumşaq olmayan bir xarakterim var. Mən tamaşaçılarıma daim pozitiv enerji ötürməyə çalışsam da, iş prosesində tamam fərqli biri oluram. Yalçın hər zaman hər iki Tünzaləni gördüyü üçün bilir ki, mənimlə nə zaman necə davranmaq lazımdır. Biz Yalçınla hər əziyyəti, hər başağrısını bir yerdə çəkirik, ağlayanda bir, güləndə bir gülürük.

- İndiyədək sizi hər hansı qalmaqallarda görməmişik. Amma yaradıcılığının ilk dövrlərində keçmiş həyat yoldaşınızla bir sıra qalmaqallar yaşanmışdı. Sənətə qalmaqalla gələn sənətçilərin sırasında olmaq sizi narahat etmirdi ki?

- Həmin hadisələr məqsəd yönümlü idi. Mən bu qalmaqalları qəsdən etsəydim, siz deyən olardı. Bu hadisələr mənim həyatımın bir faciəsi idi. Bunu qəsdən edən insanlar vardı, mən istəməzdim ki, bu hadisələr kütlə halına gəlsin. O insanlar mənə qarşı pis yönəlmişdilər və sonunda həmin pislikləri özlərinə qayıtdı. Zaman elə böyük bir gücdür ki, hər şeyi yerinə qoya bilir. Zaman özü hər şeyi həll etdi. Artıq bu işlərə mənim baxışım da dəyişib. Şou-biznes gündəmində qalmaq üçün bu cür yollar artıq normallaşıb. Düzdür, qalmaqallar qeyri-etik hərəkətlər və təhqirlərə gəlib çıxırsa, adamı diksindirir. Yaşadığım həmin məqamlar məndən asılı deyildi. O hadisə təbii ki, mənim həyatımda ağır bir məqamdır. Şükür Allaha ki, həmin hadisələrin mənə heç bir ziyanı olmadı. Mənim xatirəmdə onlar qara bir nöqtədir. Məni həyatda gözəl dəyərlər maraqlandırır.

- Neçə il keçməsinə baxmayaraq, hələ də mətbuatda adınız keçmiş həyat yoldaşınızla bir yerdə çəkilir. Bu hal sizi nə dərəcədə narahat edir?

- Hər halda, onlar bu yolla özlərinə reklam qazanırlar. Bu, artıq mənim qaçılmaz bir vəziyyətimdir. Bundan sonra gizlənsəm, neçə il efirlərdə görünməsəm də, mənim adım çəkiləcək. Çünki mənim adım artıq ictimai addır. Mənə bağlı istər yaxşı, istərsə də pis hər hansı bir nüans varsa, mənim adım onunla birgə çəkiləcək. Belə məqamlar məni əsla narahat etmir və belə şeylərlə maraqlanmıram. Bu mənim həyatımdır. Nə qədər uğur qazansam da, elə vəziyyət ola bilər ki, adım xoşagəlməz insanlarla çəkilsin. Bununla mübarizə aparmaq qeyri-mümkündür. Bizim mübarizəmiz yaxşı adımız, yaxşı işlərimizdir.

- Şou-biznesdə elə müğənnilər varmı ki, adınızın onunla bir yerdə çəkilməsini istəmirsiniz?

- Təbii ki, ucuz, keyfiyyətsiz skandallarla, insana yaraşmayan hərəkələrlə gündəmdə qalmaq istəyən insanlarla mən heç bir tədbirə qatılmıram. Heç vaxt elə tədbir və ya verilişlərin təşkilatçıları cürət edib məni oraya dəvət edə bilməzlər. Tünzalə öz adını yetərincə təsdiq edib. Mənim adım çəkiləndə artıq insanların beynində bir təsəvvür yaranır. Bəzən elə olub ki, getmək istəmədiyim bir proqrama getmişəm. Ən azı orada iki kəlmə xoş söz, fərqli, dəyərli bir fikir söyləmək üçün getmişəm.

- Özünüz də qeyd etdiniz ki, artıq Tünzalə Ağayeva öz adını təsdiq edib. Bu hal öz içinizdə bir razılıq, rahatlıq yaratmayıb ki?

- İnsan nəfsi dəhşətli bir şeydir. Özündə bir balaca qalibiyyət hiss edən kimi nəfs öz işinə başlayır. İnsan ömrü boyu özü ilə cihadda olmalıdır. İnsan fikirləşməlidir ki, nə o dünyanı yaradıb, nə də o dağıdacaq. Mən nəfsimi hər zaman saxlamağa çalışıram. Onu öldürmək qeyri-mümkün olsa da, tənzimləmək olur. Mən xalqımıza adımı 12 ildir ki, müsbət tərəfdən tanıda bilmişəm. İnsanlar məni olduğum kimi qəbul edir. Bunlar məni öz içimdə güclü edir. Mən nə zaman özümdən razı olaramsa, o gün ölmüş sayılıram. Mən həmin gün yer üzündə gəzən bir ölüyə bənzəyərəm. Siz tamaşaçılar onu dərhal hiss edəcəksiniz. Mən özüm-özümü hər gün tərbiyə edirəm.

- Bu yaxınlarda Nazpəri Dostəliyevanın Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlunun toyunda iştirakı ilə bağlı yaranmış qalmaqala sənətçi kimi münasibət bildirmişdiniz. Bu münasibət siyasi cəbhədə başqa cür xarakterizə olunmuşdu...

- Təəssüf edirəm ki, fikirlərim çox dar çərçivədə xarakterizə olunub. Mən buna sadəcə rişxəndlə güldüm. Başqa heç nə deyə bilmərəm.

- Son vaxtlar sizin millət vəkili olmaq istəyiniz haqda məlumatlar yayılıb...

- Belə bir söz var: “Heç vaxt heç vaxt demə”. Amma mən bu sualı belə cavablaya bilərəm - mən bacardığım işdə parlamaq istəyirəm. Mən maksimalist insanam və o işdə ki, ortada qala bilərəm, həmin işə girmək əhəmiyyətsizdir. Siyasət də belə sahələrdən biridir. Mən şəxsən özümü siyasətdə görmürəm. Mənim sənət adamı olaraq hər hansı məsələyə münasibətimdə siyasət axtarırlarsa, bu o demək deyil ki, mən siyasətə istiqamətlənib danışıram. Mənim fikrim, məntiqim bu cür işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR