Yasamalda 9 ağacın kökündən çıxarılması faktı araşdırılır

Yasamalda 9 ağacın kökündən çıxarılması faktı araşdırılır
# 15 mart 2014 10:34 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Yasamal rayonu ərazisində 9 ağacın kökündən çıxarılması barədə fakt araşdırılır.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Məlumata görə, ETSN-nə Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 89 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı daxil olmuş şikayət dərhal yerində araşdırılıb.

Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə aparılan araşdırma zamanı 9 ədəd yaşköküstə ağacın naməlum şəxslər tərəfindən qanunsuz olaraq kökündən çıxarıldığı və ərazidən aparıldığı məlum olub.

Xatırladaq ki, sözügedən ünvanda cari ilin yanvar ayında da 12 ədəd yaşköküstə sərv ağacının kökündən çıxarılaraq ərazidən aparıldığı faktı aşkar edilmişdi. Araşdırmalardan sonra ağacları kökündən çıxaran şəxs müəyyənləşdirilmiş və məlum olmuşdu ki, vətəndaş Ramiz Cabbarlı 468 m2 torpaq sahəsində tikinti işlərinin aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli Qərarının tələblərini pozmuşdu. Faktla bağlı R.Cabbarlı İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən Nazirliyin əməkdaşları tərəfindən inzibati qaydada fiziki şəxs qismində 14 min 400 manat məbləğində cərimə olunmuşdu.

Qeyd edək ki, eyni ünvanda ikinci dəfə ağacların maşın-mexanizmlərdən istifadə olunmaqla məhv edilməsi bu işin bir şəxs tərəfindən deyil, mütəşəkkil qrup tərəfindən həyata keçirildiyini deməyə əsas verir. Bunu nəzərə alaraq ETSN qanuna müvafiq olaraq lazımi tədqiqat aparmaq səlahiyyətinə malik, rayon ərazisinə daha yaxşı bələd olan və rayon ərazisində baş verən bu cür hadisələrə cavabdehlik daşıyan Yasamal rayon İcra Hakimiyyətinə, Rayon Polis Şöbəsinə müraciət edib ki, faktla bağlı ciddi tədbirlər görülsün: “Əminik ki, rayonun hüquq-mühafizə və icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində rayon ərazisində baş vermiş bu hadisənin qarşısının qısa zamanda alınmasına səy göstərəcək. Və ümid edirik ki, ağacları qanunsuz olaraq kəsmiş mütəşəkkil qrupun müəyyən edilərək cəzalandırılmasına nail olunacaq.

Eyni zamanda, ərazidəki yaşıllıqların mühafizə olunması və onlara qulluq göstərilməsi məqsədilə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və Yasamal rayon bələdiyyəsinə müraciət edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR