Fransa Azərbaycanda dəmir yollarının inkişaf etdirilməsində yaxından iştirak edəcək

Fransa Azərbaycanda dəmir yollarının inkişaf etdirilməsində yaxından iştirak edəcək
# 26 noyabr 2013 12:13 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bu gün Bakıda keçirilən Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Fransanın «Sistra» şirkəti ilə Bakı metrosunun genişləndirilməsi layihəsi üzərində çalışır: «Azərbaycan prezidenti tərəfindən Bakı şəhərinin gələcək inkişaf istiqamətlərini müəyyən edən Böyük Bakının İnkişaf Planı qəbul edilib. Belə mühüm istiqamətlərdən biri metropolitenin inkişafıdır. Bakı metrosunun inkişaf sxemi mövcuddur və hesab edirik ki, bu sahədə Fransa şirkətləri ilə əməkdaşlıq üçün potensial var».

Nazir deyib ki, Bakı metrosunun inkişafı təkcə yeni xətlərin çəkilməsi və yeni stansiyaların inşası ilə bağlı deyil: «Hesab edirəm ki, fransalı tərəfdaşlar Azərbaycanla bu sahədə və metropoliten üçün texniki avadanlıqların çatdırılması, metro vaqonlarının və yeraltı avadanlıqların təchiz edilməsi, həmçinin elektrik qatarları parkının yenilənməsi sahəsində də əməkdaşlıq edə bilərlər».

S.Şərifov qeyd edib ki, Azərbaycanın Fransa ilə əməkdaşlığının digər istiqaməti dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi layihəsidir: «Fransa şirkətləri Azərbaycan Nəqliyyat Nazirliyinə və «Azərbaycan Dəmir Yolları» QSC-yə təkliflər göndərəcək. Bu təkliflər Fransa banklarının kreditləri ilə müşayiət olunacaq. Bundan başqa, bu layihələr Fransanın kredit-sığorta agentlikləri tərəfindən sığortalanacaq».

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının VII iclasının yekunu olaraq protokol imzalanıb. Sənədi Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifov, Fransa tərəfindən isə xarici ticarət naziri xanım Nikol Brik imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR