Kiyevdə azərbaycanlı gənclərin I Beynəlxalq Tibb Konfransı keçirilir - FOTOSESSİYA

Kiyevdə azərbaycanlı gənclərin I Beynəlxalq Tibb Konfransı keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 27 mart 2014 11:58 (UTC +04:00)

Kiyev. Mübariz Aslanov - APA. Bu gün Azərbaycanın Ukraynadakı səfirliyində azərbaycanlı gənclərin I Beynəlxalq Tibb Konfransı öz işinə başlayıb.

APA-nın məlumatına görə, beynəlxalq konfrans Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB), ASAİF-in və Sağlam Ailə tibb mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Konfransda Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukrayna Səhiyyə Nazirliyinin beynəlxalq tədris proqramları idarəsinin rəhbəri Natalya Morozova, Kiyev Milli Tibb Universitetinin rektoru Katerina Amasova, Ukrayna Milli Tibb Akademiyasının baş elmi katibi Vladimir Mixnov, Türkiyə, Almaniya, Ukrayna və Fransanın tibb universitetlərinin azərbaycanlı tələbə və məzunları, eləcə də Ukraynanın tibb sahəsində tanınmış alimləri iştirak edirlər.

Konfrans Heydər Əliyevin Kiyevin mərkəzindəki abidəsini ziyarətlə başlayıb. Konfransın açılışında çıxış edən UAGB-nin sədri Anar Tahirov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd dünyanın bir çox ölkələrinin ali tibb ocaqlarında təhsil alan azərbaycanlı tələbə, məzun və tibb mütəxəssisləri arasında əlaqələrin yaradılmasıdır: “Eyni zamanda onlar arasında təcrübə mübadiləsinin aparılması və gələcəyin tibb mütəxəssisləri arasında Koordinasiya Şurasının yaradılmasıdır”.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, bu ölkənin müxtəlif ali təhsil ocaqlarında 6 min azərbaycanlı tələbə təhsil alır. Bunlardan 2 minə yaxını tibb sahəsinin payına düşür. Səfir bu konfransın gələcək fəaliyyət üçün stimul verəcəyini bildirib.

Ukraynanın həkim və alimlərinin konfransda iştirakının əhəmiyyətli amil olduğunu deyən diplomat deyib ki, tələbələr ilə aparılacaq fikir mübadiləsinin gələcəkdə səmərəli bəhrə verəcək.

Tədbirdə Ukraynada çalışan tibb elmləri doktoru Aydın Salmanovun akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Cərrahiyyədə riskin idarə olunması” adlı elmi əsərinin təqdimatı olub.

Konfransa dünyanın müxtəlif ölkələrinin tibb ocaqlarında təhsil alan 150 azərbaycanlı tələbənin qatıldığını bildirən UAGB-nin sədr müavini Cavid Hüseynzadə qeyd edib ki, gün ərzində 3 panel üzrə müzakirələr aparılacaq. Panel üzrə aparılan müzakirələrdə tələbələrlə tanınmış tibb mütəxəssisləri arasında fikir mübadilələri aparılacaq.

Konfrans panellərlə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR