Nəqliyyat nazirinin müavini Koreyanın “Halla” şirkətinin nümayəndələri ilə görüşüb

Nəqliyyat nazirinin müavini Koreyanın “Halla” şirkətinin nümayəndələri ilə görüşüb
# 04 fevral 2014 15:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov Koreyanın “Halla” Şirkətlər Qrupunun sədri Chung Mongwonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, M.Pənahov Azərbaycan və Koreya arasında bir sıra sahələrdə, eləcə də nəqliyyat sahəsində inkişaf edən ikitərəfli əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin əyani sübutu olduğunu qeyd edib.

Nəqliyyat sahəsində Koreya şirkətlərinin Azərbaycandakı fəaliyyətini qeyd edən M.Mənahov Koreyanın “SK C&C” şirkəti ilə birgə həyata keçirilmiş Nəqliyyatı İntellektual İdarəetmə Layihəsinin uğurla fəaliyyət göstərdiyini, “Daewoo” şirkəti ilə əməkdaşlıq nəticəsində ölkəmizdə ictimai nəqliyyatın daha da keyfiyyətli nəqliyyat vasitələri ilə təmin olunması üçün 1 500-ə yaxın avtobusun alındığını, KOİCA şirkəti ilə sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, Yevlax-Gəncə avtomobil yolunun (89 km) Koreyanın “Ultra” şirkəti tərəfindən yenidən qurulduğunu və Bakı-Şamaxı avtomobil yolu layihəsində nəzarətçi funksiyasının Koreyanın “Pyungwa” şirkəti tərəfindən həyata keçirildiyini qonaqların diqqətinə çatdırıb.

“Halla” Şirkətlər Qrupunun sədri C.Mongwon şirkət haqqında məlumat verərək, onun tarixi, qrupa daxil olan şirkətlərin fəaliyyəti, həyata keçirdiyi layihələr, şirkətin beynəlxalq bazarda iştirakı, fəaliyyət göstərdiyi sahələr barədə ətraflı məlumat verib. Şirkətin iki əsas istiqamət - infrastruktur və inşaat, maşınqayırma və cihazqayırma üzrə ixtisaslaşdığını bildirən C.Mongwon Koreyanın İnçeon Beynəlxalq Hava Limanının inşasında iştirak edən 6 şirkətdən biri olduğunu vurğulayıb. Bundan əlavə, bir sıra avtomobil yolları, limanların inşasında geniş təcrübəyə malik olduqlarını qeyd edən şirkət rəhbəri 20-yə yaxın limanın inşasında iştirak etdiklərini diqqətə çatdırıb. O, Koreyada 1997-ci ildə inşası başa çatmış Mokpo Limanın idarə edilməsini “Halla Meister” şirkətinin həyata keçirdiyini bildirib. Şirkətin rəhbəri Bakı şəhərində da bir sıra layihələr həyata keçirdiklərini deyib.

M.Pənahov Azərbaycanda nəqliyyat sektorunda reallaşdırılan iri layihələrdə iştirak üçün “Halla” şirkətinin geniş imkanlara malik olmasını vurğulayıb. Görüşdə perspektiv ikitərəfli əlaqələr, əməkdaşlıq məsələləri, birgə həyata keçirilə biləcək layihələr və digər məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR