Azərbaycanda pərakəndə ticarətdə mal ehtiyatları indeksi artıb

Azərbaycanda pərakəndə ticarətdə mal ehtiyatları indeksi artıb
# 25 noyabr 2013 13:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektləri üzrə mal ehtiyatları indeksi 2013-cü ilin oktyabr ayında 110,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici sentyabra nisbətən 10,0 faiz bəndi çoxdur.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. Aydındır ki, indeksin 100%-dən yuxarı olması mal qalıqlarının aylıq müqayisədə artmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2013-cü il noyabrın 1-nə 235,6 mln. manat, oktyabrın 1-nə 212,6 mln. manat olub.

Mal qalıqlarının artması yalnız mal təchizatının güclənməsi ilə izah oluna bilər, çünki oktyabrda pərakəndə ticarətin azalması baş verməyib. Əksinə, oktyabrda pərakəndə ticarət dövriyyəsi sentyabra nisbətən 1 659,8 mln. manatdan 1 763,6 mln. manatadək artıb. Həmçinin, oktyabrda kəskin aylıq inflyasiya qeydə alınmayıb, yəni, qiymət amilinin burada ciddi rolu olmayıb. Belə ki, oktyabrda aylıq inflyasiya ərzaq məhsulları üzrə 1,2%, qeyri-ərzaq məhsulları üzrə isə 0,4% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR