Azərbaycan Fransa ilə aqrar sahədə əlaqələri gücləndirir

Azərbaycan Fransa ilə aqrar sahədə əlaqələri gücləndirir
# 01 mart 2013 09:56 (UTC +04:00)

Bakı - APA-Economics. 50-ci kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə Fransada səfərdə olan kənd təsərrüfatı naziri İsmət Abasov fevralın 28-də Paris yaxınlığında keçirilən “SİMA” beynəlxalq kənd təsərrüfatı texnikası və avadanlıqları sərgisində iştirak edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, artıq 75 il fəaliyyət göstərən Sərgidə süni suvarma aqreqatları, kənd təsərrüfatı texnikaları, traktorlar, taxılbiçən kombaynlar, xəstəlik və zərərvericilərə qarşı mübarizə vasitələri və sair çoxsaylı kənd təsərrüfatı və emal sənayesi avadanlıqları nümayiş etdirilir.

Sərginin baş direktoru Valeri Lobri-Qranqer ilə görüşdə nazir İ.Abasov Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının Cənubi Qafqazın ümumi iqtisadiyyatının təxminən 80%-ni təşkil etdiyini və Azərbaycanda həyata keçirilən iqtisadi tədbirlər, o cümlədən kənd təsərrüfatı sahəsində görülən işlər və aqrar sahəyə dövlətin dəstəyi barədə müqabil tərəfə geniş məlumat verib. Sərginin meneceri Martine Degremont isə azərbaycanlı mütəxəssisləri və sahibkarlarını cari ilin noyabr ayında Fransanın Monpelye şəhərində üzümçülük və şərabçılıq sərgisinə dəvət edib. Eyni zamanda nazir İ.Abasov qarşı tərəfi 9-10 noyabr tarixlərində Gəncə şəhərində keçiriləcək 2-ci Beynəlxalq Şərab Festivalına dəvət edib.

Nazirin Burqundiya Əməkdaşlıq və İxrac Qrupunun meneceri Jan Lui Riot ilə görüşündə isə Fransanın Burqunduya regionuna məxsus “Şarole” cinsindən olan ətlik damazlıq heyvanlar barədə geniş məlumat verilib və bu heyvanların Azərbaycana idxal olunması imkanları müzakirə edilib. İ.Abasov sərgi çərçivəsində Fransa tərəfinin xahişi ilə Fransanın “Terrenet” mətbuat orqanına geniş müsahibə verib.

İ.Abasov Parisdə keçirilən 50-ci Beynəlxalq kənd təsərrüfatı sərgisinə gələrək sərgidə nümayiş etdirilən geniş çeşidli kənd təsərrüfatı və qida sənayesi məhsulları və Burqundiya vilayətinin məşhur “Holştin-Friz” südlük damazlıq heyvanlarına baxış keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR