Tiflisdə “NATO-nun Varşava sammiti: “Çağırışlar və gözləntilər” adlı konfrans keçirilir

Tiflisdə “NATO-nun Varşava sammiti: “Çağırışlar və gözləntilər” adlı konfrans keçirilir
# 22 iyun 2016 13:40 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə “NATO-nun Varşava sammiti: “Çağırışlar və gözləntilər” adlı beynəlxalq konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli, Polşanın Gürcüstandakı səfiri Andrzej Cieszkovski, Rumıniyanın Gürcüstandakı səfiri Dumitru Badea, Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze, Gürcüstan xarici işlər nazirinin birinci müavini David Dondua, Türkiyənin Gürcüstandakı səfiri Zəki Levend Gümrükçü və başqaları çıxış ediblər.

Konfransa Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və digər şəxslər qatılıblar.

Tədbirdə çıxış edən T. Xidaşeli Varşava sammitindən müsbət gözləntilərin olduğunu bildirib.

İki paneldə davam edən konfransın məqsədi Gürcüstan hökumətinin üzvlərini, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçilərini, ekspertləri və ictimaiyyət nümayəndələrini bu ilin iyul ayında Varşavada keçiriləcək NATO sammitinin gündəmində olan məsələlərin müzakirəsinə cəlb etməkdir.

Gürcüstan xarici işlər nazirinin müavini David Dondua APA-ya açıqlamasında bildirib ki, ölkəsinin NATO-nun Varşava sammitində iştirakı Gürcüstan inkişafa doğru getdiyini və alyansa inteqrasiya olunduğunu bir daha təsdiqləyir. “Sammitə siyasi və praktiki məsələlərin yer aldığı iki paket təqdim edəcəyik. Birinci, Gürcüstanın bir çox formatlarda iştirakı ilə bağlıdır. Bu tədbirlərdə Gürcüstan prezidenti və nazirlər iştirak edəcək. Sammitdə qəbul olunacaq yekun sənəddə həyata keçirdiyimiz islahatlar müxtəlif qətnamə və bəyanatlarla qiymətləndiriləcək. Ümid edirik ki, silahlı qüvvələrimizin gücləndirilməsinə daha çox kömək və dəstək ala biləcəyik. Bu, regionda baş verəcək təhlükəyə qarşı müdafiə gücümüzü daha da möhkəmləndirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR