Bakıda Ümumdünya Metrologiya gününə həsr edilmiş beynəlxalq seminar keçirilir

Bakıda Ümumdünya Metrologiya gününə həsr edilmiş beynəlxalq seminar keçirilir
# 20 may 2015 07:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün mayın 20-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Metrologiya gününə həsr edilmiş “Ölçmələr və İşıq” adlı beynəlxalq seminar keçirilib.

APA-Economics”ə verilən məlumata görə, seminarı giriş nitqi ilə açan Komitənin Aparat rəhbəri Elçin Quliyev müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında rolunun böyük olduğunu qeyd edib.

Onun sözlərinə görə müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. E. Quliyev bildirib ki, müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bu gün Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir: “Ölkəmizin metrologiya sahəsində əldə etdiyi uğurlardan danışan Aparat rəhbəri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 13 iyun 2013-cü ildə təsdiq olunmuş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunu haqqında, qısa müddət ərzində qurulmuş infrastruktur və Komitənin bu sahədə mövcud olan əsas beynəlxalq təşkilatlara üzvlüyündən bəhs edib. Bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 1 yanvar 2015-ci ildən Çəkilər və Ölçülər üzrə Baş Konfrans (CGPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata (OİML) üzv olub”.

Komitənin Metrologiya şöbəsinin müdiri Elçin Abbasov hazırda Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlərin aparıldığını bildirib. Belə ki, Komitənin Milli Etalon Mərkəzində kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür. Yaxın 2 il ərzində qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması planlaşdırılıb.

Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Endi Henson Bakıda olduğundan məmnunluğunu bildirib və Azərbaycanda metrologiya sahəsinə olan diqqəti və əldə olunmuş nailiyyətləri xüsusi qeyd edib. Onun sözlərinə görə, 1 yanvar 2015-ci il tarixdən Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda təmsil olunur: “Bununla da Komitə yanında Dövlət Metrologiya Xidmətində saxlanılan milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsi, Azərbaycan milli etalonlarının beynəlxalq tutuşdurmalarda iştirak etməsi və onların beynəlxalq səviyyədə tanınması, Komitə yanında Dövlət Metrologiya Xidməti tərəfindən verilən kalibrlənmə və ölçmə haqqında sertifikatların beynəlxalq miqyasda tanınması təmin edilib”.

Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın Qanunverici Metrologiya üzrə Beynəlxalq Bürosunun direktor köməkçisi Yan Danmil isə bildirib ki, Azərbaycanın Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata üzvlüyü digər dövlətlərin qanunverici metrologiya sahəsində ən yaxşı təcrübəsinin öyrənilməsi, yeni texnologiyalar, ölçmə vasitələrinin uyğunluğunun qiymətləndirilməsinin yeni metodları və s. barədə təcrübə mübadiləsi aparmağa imkan verir. Həmçinin bu təşkilatda təmsilçilik ölkəmizin qanunverici metrologiya sahəsində maraqlarının beynəlxalq müstəviyə çıxarılmasına şərait yaradır.

Seminar proqrama uyğun çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR