Azərbaycanda tələbələr arasında vergi mütəxəssislərinin yetişdirilməsi üçün yeni Qayda təsdiqlənib

Azərbaycanda tələbələr arasında vergi mütəxəssislərinin yetişdirilməsi üçün yeni Qayda təsdiqlənib
# 03 noyabr 2015 12:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Vergidər naziri “Ali təhsil müəssisələrində təhsil alan şəxslər arasında “Vergilər” mövzusunda olimpiadanın təşkili və keçirilməsi” Qaydalarının təsdiq edilməsi barədə əmr verib.

APA-nın məlumatına görə, Qaydaya əsasən olimpiadanın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan şəxslər arasında vergitutma sahəsində biliklərin artırılması, yüksək bilik səviyyəli tələbə və magistrantların müəyyən edilməsi, gənclərə vergi mədəniyyətinin aşılanması, eləcə də gələcəkdə vergi sahəsində çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir.

Olimpiadanın keçirilməsinə rəhbərlik və nəzarət tərkibi Vergilər Nazirliyi tərəfindən təsdiq edilən Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Olimpiadada iştirak edəcək tələbələr ali təhsil müəssisələri tərəfindən könüllülük əsasında müəyyənləşdirilir. Olimpiadada, bir qayda olaraq, ali təhsil müəssislərinin iqtisadiyyat və idarəetmə, hüquq və beynəlxalq münasibətlər istiqamətləri üzrə ali təhsil alan şəxslər iştirak edə bilərlər. Olimpiada test imtahanından ibarət olmaqla Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş vaxtda və məkanda keçirilir. Olimpiadada istifadə olunacaq suallar Vergilər Nazirliyinin Tədris Mərkəzinin müvafiq test bazası əsasında hazırlanır. Ali təhsil pilləsinin bakalavr və magistratura pillələrinə uyğun olaraq, sualların çətinlik dərəcəsi nəzərə alınmaqla xüsusi proqram təminatı vasitəsilə hər bir tələbə üçün fərdi sual bazası tərtib olunur. İmtahan onlayn rejimdə 2 saat ərzində keçirilir və hər bir iştirakçıya cavablandırılması üçün 100 sual verilir. Nəticələr ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə qiymətləndirilir. Olimpiadanın qalibləri ali təhsil müəssisəsinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr üzrə ayrı-ayrılıqda müəyyən edilir. Təqdim olunmuş suallar üzrə ən çox bal toplayan iştirakçılar Olimpiadanın qalibləri elan edilir. Yüksək nəticələr göstərmiş iştirakçıların balları eyni olarsa, bu zaman üstünlük çətinlik dərəcəsi çox olan sualları cavablandırmış iştirakçıya verilir.

Olimpiadanın qalibləri diplom və hədiyyələrlə təltif olunurlar. Olimpiadanın təşkili və keçirilməsi, habelə qaydalarda nəzərdə tutulmuş digər hallarla əlaqədar yarana biləcək bütün xərclər, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Vergilər Nazirliyinin büdcədənkənar fondunda qeyd olunan məqsədlər üçün ayrılmış vəsait dairəsində ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR