Ötən ilin yayında Rusiyada çayda batan Azərbaycan vətəndaşının şəxsiyyəti dəqiqləşib

Ötən ilin yayında Rusiyada çayda batan Azərbaycan vətəndaşının şəxsiyyəti dəqiqləşib
# 01 fevral 2013 09:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. 2012-ci ilin yayında Rusiyada kimsəsiz şəkildə ölən Azərbaycan vətəndaşının yaxınları tapılıb. APA-nın 7 ay əvvəl yaydığı həmin məlumat əsasında mərhumun qohumları hadisədən ötən gün xəbər tuta biliblər.

Mərhumun qohumu Yunis Ələkbərov APA-ya müraciət edərək, 2012-ci ilin iyun ayında Rusiyanın Voronej şəhərində Usmanka çayında çimərkən boğularaq dünyasını dəyişən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Coşqun Məsim oğlu Əliyevin xalası oğlu olduğunu bildirib. O, qeyd edib ki, qohumunun ölüm xəbərindən ötən gün sosial şəbəkələrdə xəbər tutublar: ““APA”nın yaydığı məlumatı dünən sosial şəbəkələrdə görmüşük. Coşqunun şəklini görən kimi tanıdıq. Onun ölümümdən hələlik anası xəbər tutmayıb. Hazırda mərhumun meyitinin Azərbaycana gətirilməsinin yollarını araşdırırıq. Bu məqsədlə Xarici İşlər Nazirliyinə müraciət etmək niyyətindəyik. Ümid edirik ki, dövlətimiz Coşqunun meyitinin Bakıya gətirilməsində bizə köməklik göstərəcək”.

Y. Ələkbərov həmçinin qeyd edib ki, C. Əliyev əslən Xaçmaz rayonundandır: “Coşqun Bakının Qaraçuxur qəsəbəsində doğulub böyüyüb. 15-20 il əvvəl qazanc dalınca Rusiyaya gedib. Bir neçə il ailəsi ilə məktublaşsa da, sonradan onunla əlaqə kəsilib”.

Qeyd edək ki, məlum hadisə 2012-ci ilin iyununda Rusiya Federasiyasının Voronej şəhərində baş verib. Bakı şəhərində anadan olmuş, uzun müddətdir Voronejdə yaşayan, 1974-cü il təvəllüdlü Qoşqar Əliyev Usmanka çayında çimərkən boğularaq ölüb.

Soydaşlarımızın dediyinə görə, Q. Əliyev Voronejdə rus qadınla qeyri-rəsmi nikahda olub. Q. Əliyev özü haqqında danışarkən hamıya Bakıda, İçərişəhərdə doğulduğunu deyirmiş. 15-20 il əvvəl qazanc dalınca Rusiyaya gələn Q. Əliyev sənədlərini itirdiyi üçün bu müddət ərzində bir dəfə də olsun Bakıya qayıtmayıb və ailəsi ilə əlaqəsi kəsilib. O, Voronejdə yaşayan azərbaycanlılara, habelə onu tanıyanlara özünü Qoşqar Əliyev kimi təqdim edib. Çayda batan Q. Əliyevin meyiti tapılaraq sudan çıxarılıb. Mərhumun Azərbaycanda yaşayan yaxınları ilə heç bir əlaqəsi olmadığı üçün onun meyitini vətənə göndərmək mümkün olmayıb. Q. Əliyev xristian adəti ilə dəfn edilib. Hətta onun məzarı üzərində xaç da qoyulub.

Məsələdən xəbər tutan azərbaycanlılar artıq onun qəbrinin üstündəki xaçı götürüblər. Qərara alınıb ki, mərhumun şəkillərini yaymaqla onun yaxınlarını tapsınlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR