Azərbaycanda yoxlama aparılan sahibkarlıq subyektləri risk qruplarına bölünəcək - YENİLƏNİB

Azərbaycanda yoxlama aparılan sahibkarlıq subyektləri risk qruplarına bölünəcək - <span style="color: red;">YENİLƏNİB
# 14 mart 2013 08:54 (UTC +04:00)

Bununla bağlı Milli Məclisin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanun layihəsi müzakirəyə çıxarılıb.


«APA-Economics»in məlumatına görə, qanun layihəsində sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılması nəzərdə tutulur və məhz bu bölgünün nəticəsindən asılı olaraq yoxlamaların aparılması tezliyi müəyyən edilir.


Qanun layihəsinə əsasən, yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupuna aid sahibkarlara isə üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır.

Yeyinti məhsulları sahəsində yoxlamalar isə yüksək risk qrupunda 6 ayda, orta risk qrupunda ildə, aşağı risk qrupunda isə 2 ildə bir dəfədən çox olmayaraq aparıla bilər. Əgər son iki yoxlamada pozuntu aşkar edilməyibsə, yoxlama müddəti 1,5 dəfə artırılmalıdır.

Bütün yoxlamaların elektron uçotu aparılmalıdır.


Plandankənar (növbədənkənar) yoxlamalar yeni qanun layihəsinə görə yoxlayıcı orqanın istəyi ilə deyil, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə bilər. Belə ki, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icrası vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilə bilər.


Yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh edilməsi tələbi qanun layihəsinin özəlliklərindən biridir. Qanun layihəsində sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız ən son zərurət tədbiri kimi baxılır.


Bundan başqa, qanun layihəsində yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üçün konkret mexanizmlər göstərilir və yoxlayıcı orqanların məsuliyyəti məsələləri də əksini tapır. Belə ki, qanun layihəsində göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara və ya məhkəməyə müraciət edə bilər. Yoxlamalar keçirilərkən, yoxlayıcı orqanların qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR