Robert Sekuta: “Sankt-Peterburq danışıqlarında əldə olunmuş müsbət təkanı alqışlayırıq”

Robert Sekuta: “Sankt-Peterburq danışıqlarında əldə olunmuş müsbət təkanı alqışlayırıq”
# 22 iyun 2016 18:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Sankt-Peterburqda prezidentlərin görüşü zamanı danışıqlarda əldə olunmuş müsbət tempi, təkanı alqışlayırıq.

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, bu müsbət irəliləyiş ABŞ-ın Vyanada vasitəçiliyi və Minsk qrupu həmsədrlərinin köməyi ilə keçirilən görüşün davamı xarakteri daşıyır: “Bütün həmsədrlər və həmsədr ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar ki, burada əsas məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir".

İyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın prezidenti Serj Sarkisyanın görüşü keçirilib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR