Bank Of Baku

MOBILAZE layihəsi çərçivəsində təlimə start verilib

MOBILAZE layihəsi çərçivəsində təlimə start verilib
# 07 may 2018 08:31 (UTC +04:00)

“Geri qayıdan şəxslərin vətəndaşlıq mənsubiyyətini və şəxsiyyətini müəyyənləşdirmək məqsədilə müsahibənin aparılması üsulları” mövzusunda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən MOBILAZE layihəsi çərçivəsində iki günlük təlimə start verilib.

 

APA-nın xəbərinə görə, təlimin açılış mərasimində iştirak edən Niderland  Krallığının Azərbaycandakı səfiri Onno Kervers əvvəlcə Azərbaycan və Niderland  Krallığı arasında yüksək səviyyəli əlaqələrə toxunub. O bildirib ki, Azərbaycan və Niderland Krallığı arasında həm ikitərəfli, həm də Avropa İttifaqı (Aİ) çərçivəsində əməkdaşlıq  genişlənir: "Azərbaycan bizim üçün regionda vacib tərəfdaşdır. Ölkələrimiz arasında siyasi, iqtisadi, regional təhlükəsizlik, enerji təhlükəsizliyi, demokratiya və insan hüquqları sahələrində  yaxşı əməkdaşlıq mövcuddur. Şimal-Cənub Nəqliyyat Dəhlizi Avropanın enerji təminatında vacib elementdir. İnanırıq ki, ölkələrimiz arasında əlaqələr qarşılıqlı maraqlar çərçivəsində daha da güclənəcək".

 

Azərbaycan və Aİ arasında tərəfdaşlıq haqqında yeni hazırlanan sazişə toxunan səfir vurğulayıb ki, danışıqlar bu il yekunlaşacaq: “Avropa İttifaqı ilə yaxın əlaqə qurmaq Azərbaycanın arzusudur və bu gün həyata keçirilən "MOBİLAZE" layihəsi bu istiqamətdə  faydalı olacaq. İnanırıq ki, bu layihə dərin münasibətlərin əsasını qoyacaq. Mobility cəmiyyətdə çox mühümdür və bu sahədə bəzi üstünlüklər əldə etmişik. Bu layihə çərçivəsində  əməkdaşlığımız, biliklərimizi bölüşmək hər birimiz üçün faydalı olacaq".

 

Azərbaycan XİN-in Konsulluq idarəsinin ikinci katibi Emin Səfərov çıxışında miqrasiya sahəsində Niderland Krallığı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq edildiyini deyib. MOBİLAZE layihəsinin Aİ və Azərbaycan  arasında  imzalanmış "Yerdəyişmə  üzrə Tərəfdaşlıq" Bəyannaməsi çərçivəsində həyata keçirildiyini söyləyən E. Səfərov əlavə edib ki, təlim zamanı Niderland  Krallığı Polis Xidmətinin əcnəbilər, identifikasiya və insan alveri üzrə Ekspertiza Mərkəzinin beynəlxalq ekspertləri hədəf qrupuna müsahibə  aparılması üsullarına dair strateji, taktiki və operativ yanaşmalar barədə ətraflı məlumat verəcək: “Başqa ölkələrin təcrübələrini öyrənərək tətbiq etmək inkişafın əsas amillərindən  biridir”.

 

Qeyd edək ki, "Azərbaycanla  Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək" (MOBİLAZE) layihəsinin məqsədi nizamlı miqrasiya idarəçiliyini gücləndirmək  məqsədilə Yerdəyişmə  üzrə Tərəfdaşlığı imzalayan iştirakçı ölkələr arasında  birbaşa mübadilə  üçün möhkəm zəmin  və real  imkanlar yaratmaqdır. Bundan başqa, məqsəd Azərbaycan hökumətinin miqrasiya sahəsindəki  monitorinq, təhlil və proqnozlaşdırma  potensialının  artırılması, əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıdan Azərbaycan  vətəndaşlarının davamlı reinteqrasiyasının həyata keçirilməsində idarəçiliyi və potensialı gücləndirmək, o cümlədən Aİ və Azərbaycan arasında  yerdəyişməyə dair ictimai məlumatlılığı artırmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR