“Geri qayıdan şəxslərin vətəndaşlıq mənsubiyyətini və şəxsiyyətini müəyyənləşdirmək məqsədilə müsahibənin aparılması üsulları” mövzusunda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən MOBILAZE layihəsi çərçivəsində iki günlük təlimə start verilib.
APA-nın xəbərinə görə, təlimin açılış mərasimində iştirak edən Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers əvvəlcə Azərbaycan və Niderland Krallığı arasında yüksək səviyyəli əlaqələrə toxunub. O bildirib ki, Azərbaycan və Niderland Krallığı arasında həm ikitərəfli, həm də Avropa İttifaqı (Aİ) çərçivəsində əməkdaşlıq genişlənir: "Azərbaycan bizim üçün regionda vacib tərəfdaşdır. Ölkələrimiz arasında siyasi, iqtisadi, regional təhlükəsizlik, enerji təhlükəsizliyi, demokratiya və insan hüquqları sahələrində yaxşı əməkdaşlıq mövcuddur. Şimal-Cənub Nəqliyyat Dəhlizi Avropanın enerji təminatında vacib elementdir. İnanırıq ki, ölkələrimiz arasında əlaqələr qarşılıqlı maraqlar çərçivəsində daha da güclənəcək".
Azərbaycan və Aİ arasında tərəfdaşlıq haqqında yeni hazırlanan sazişə toxunan səfir vurğulayıb ki, danışıqlar bu il yekunlaşacaq: “Avropa İttifaqı ilə yaxın əlaqə qurmaq Azərbaycanın arzusudur və bu gün həyata keçirilən "MOBİLAZE" layihəsi bu istiqamətdə faydalı olacaq. İnanırıq ki, bu layihə dərin münasibətlərin əsasını qoyacaq. Mobility cəmiyyətdə çox mühümdür və bu sahədə bəzi üstünlüklər əldə etmişik. Bu layihə çərçivəsində əməkdaşlığımız, biliklərimizi bölüşmək hər birimiz üçün faydalı olacaq".
Azərbaycan XİN-in Konsulluq idarəsinin ikinci katibi Emin Səfərov çıxışında miqrasiya sahəsində Niderland Krallığı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq edildiyini deyib. MOBİLAZE layihəsinin Aİ və Azərbaycan arasında imzalanmış "Yerdəyişmə üzrə Tərəfdaşlıq" Bəyannaməsi çərçivəsində həyata keçirildiyini söyləyən E. Səfərov əlavə edib ki, təlim zamanı Niderland Krallığı Polis Xidmətinin əcnəbilər, identifikasiya və insan alveri üzrə Ekspertiza Mərkəzinin beynəlxalq ekspertləri hədəf qrupuna müsahibə aparılması üsullarına dair strateji, taktiki və operativ yanaşmalar barədə ətraflı məlumat verəcək: “Başqa ölkələrin təcrübələrini öyrənərək tətbiq etmək inkişafın əsas amillərindən biridir”.
Qeyd edək ki, "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək" (MOBİLAZE) layihəsinin məqsədi nizamlı miqrasiya idarəçiliyini gücləndirmək məqsədilə Yerdəyişmə üzrə Tərəfdaşlığı imzalayan iştirakçı ölkələr arasında birbaşa mübadilə üçün möhkəm zəmin və real imkanlar yaratmaqdır. Bundan başqa, məqsəd Azərbaycan hökumətinin miqrasiya sahəsindəki monitorinq, təhlil və proqnozlaşdırma potensialının artırılması, əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıdan Azərbaycan vətəndaşlarının davamlı reinteqrasiyasının həyata keçirilməsində idarəçiliyi və potensialı gücləndirmək, o cümlədən Aİ və Azərbaycan arasında yerdəyişməyə dair ictimai məlumatlılığı artırmaqdır.