Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı Almaniyada nəşr olunub

Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı Almaniyada nəşr olunub
# 17 iyun 2016 12:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı Almaniyada rus dilində çap olunub.

Tarix İnstitutundan APA-ya verilən xəbərə görə, kitab 2016-cı ildə Almaniyanın Saarbrüken şəhərində fəaliyyət göstərən “Palmarium Academic Publishing” adlı nəşriyyat evi tərəfindən nəşr edilib.

Azərbaycan prezidentinin tövsiyəsi ilə çap olunan kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, tərcüməçisi tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə, dizayner ve texniki redaktoru isə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigayılılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxıblar. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.

Əsərin birinci bölməsi “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər” adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma “Erməni yaylası” coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt “Böyük Ermənistan” adlı dövlətin olmadığının isbatına həsr edilib.

Qeyd edək ki, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı Azərbaycan, ingilis və ispan dillərində də nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR