“Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası: Azərbaycan demokratiya və insan hüquqları sahəsində bütün beynəlxalq öhdəliklərini yerinə yetirir

“Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası: Azərbaycan demokratiya və insan hüquqları sahəsində bütün beynəlxalq öhdəliklərini yerinə yetirir
# 06 iyun 2015 09:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası bəyanat qəbul edib. APA-nın xəbərinə görə, bəyanatda deyilir:

“Birinci Avropa Oyunlarının başlanmasına bir həftədən də az vaxt qalır. 100 milyonlarla tamaşaçı tarixdə ilk dəfə keçirilən bu möhtəşəm tədbirin açılış mərasimini və Avropanın ən güclü atletlərinin qələbə uğrunda mübarizəsini maraqla izləməyə hazırlaşır. Şübhə yoxdur ki, ölkəmizə gələn idmançılar, jurnalistlər və turistlər yarışların yüksək səviyyədə təşkilinin şahidi olacaq, Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi, xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti və tolerantlıq ənənələri barədə zəngin təəssüratlar qazanacaqlar. Eyni zamanda, Avropa Oyunları zamanı ərazilərimizin işğalı, qaçqın və məcburi köçkünlər, xalqımıza qarşı törədilmiş soyqırımlar və digər problemlərimiz haqqında dünya ictimaiyyətinə daha dolğun məlumatlar çatdırmaq imkanı yaranacaq. Lakin bu möhtəşəm idman bayramı yaxınlaşdıqca, Azərbaycana dost mövqedə olmayan bəzi dairələrin narahatlığı artır, son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənir. Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycan Respublikasının regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmir, cəmiyyətimizi daxildən parçalamağa uğursuz cəhd göstərirlər. BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin iyunun 3-də “Open Democracy” portalında yayılmış birgə məqaləsi də anti-Azərbaycan şəbəkəsinin növbəti təxribatı olub, həmin məqsədə xidmət edir. Görünür, Avropa Oyunlarının əhəmiyyətini azaltmaq, Azərbaycan hökumətini və yarışların Təşkilat Komitəsini ruhdan salmaq, tədbiri boykot etmək kimi çirkin niyyətlərinə nail ola bilməyən anti-Azərbaycan şəbəkəsi bu dəfə özünün “ağır artilleriyası”nı işə salmaq həvəsinə düşərək həmin “üçlüyü” irəli verib. Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların olduğunu iddia edən bu üzdəniraq “üçlük” guya orijinallıq göstərərək yeni üsul düşünmüş, Avropa idmançılarını siyasi təzyiq alətinə çevirərək, konkret cinayət əməllərinə görə mühakimə olunmuş bir neçə nəfəri dəstəkləmək üçün “ayağa qalxmağa” çağırıb. “Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası hesab edir ki, Ermənistanın təcavüzü nəticəsində hüququ pozulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi, Dağlıq Qarabağdakı quldur rejim tərəfindən girov götürülərək işgəncələrə məruz qalan və qanunsuz mühakimə edilən vətəndaşlarımızın hüquqları barədə indiyə qədər bir kəlmə də danışmayan beynəlxalq hüquq-müdafiə məmurlarının bu cür məsuliyyətsiz bəyanatlar səsləndirməyə və çağırışlar etməyə heç bir mənəvi haqqı yoxdur. Yaxşı olardı ki, onlar adından fəaliyyət göstərdikləri BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların fəaliyyətinin güclənməsi və məqsədlərinin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikasının oynadığı sanballı rolu nəzərə alaraq, şərin və böhtanın deyil, haqqın və ədalətin yanında yer alsınlar. “Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan demokratiya və insan hüquqları sahəsində üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmiz vətəndaş cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının səviyyəsinə görə keçmiş sovet respublikaları içərisində qabaqcıl mövqedə durur və bir çox ölkələrə nümunə ola bilər”.

Qeyd edək ki, bəyanata qeyri-hökumət təşkilatları, ictimai birliklər, media qurumları – ümumilikdə 77 hüquqi şəxs imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR