Fikrət Məmmədov AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin toplantısında çıxış edəcək

Fikrət Məmmədov AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin toplantısında çıxış edəcək
# 13 oktyabr 2014 11:01 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Strasburqda Avropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci sessiyası keçiriləcək.

APA-nın Avropa bürosunun xəbərinə görə, ərazi demokratiyası, separatçı gərginlik və yerli demokratiya quruculuğunda gənclərin iştirakı kimi məsələlər sessiyada müzakirə ediləcək əsas mövzulardan olacaq.

Sessiya ərzində Konqres iştirakçıları Hollandiya, Ukrayna və Gürcüstanda keçirilmiş yerli seçkilərin müşahidəsinə dair bu üç ölkə üzrə hesabatları, Belçikada isə yerli və regional demokratiyanın vəziyyətinə dair hesabatı müzakirə edəcəklər. Bundan başqa, yerli idarəetmə orqanlarının maliyyələşdirilməsi, regionlararası münasibətlər və əməkdaşlıq, iştiraklı demokratiyanın quruculuğunda regional mətbuat orqanlarının rolu, mədəniyyətlərarası tədris vasitəsi ilə müxtəlifliyin təşviq edilməsi və kommunikasiya strategiyaları kimi məsələlər də müzakirə olunacaq.

Azərbaycanın AŞ Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində ədliyyə naziri Fikrət Məmmədov Konqres iştirakçıları qarşısında çıxış edəcək. Konqresin gündəliyinə Ukraynada və qonşu ölkələrdə separatçı gərginlik məsələsi də salınıb. Bu mövzu ilə əlaqədar Ukraynanın Regional inkişaf, quruculuq, mənzil və bələdiyyə xidmətləri nazirinin müavini Vyaçeslav Nexoda, Moldovanın xarici işlər və Avropa quruculuğu naziri Valeriu Çiveri, Kiyev şəhər Bələdiyyələr şurasının sədri və şəhər merinin müavini Oleksii Reznikov və Gürcüstanın Regional inkişaf və infrastruktura naziri Tengiz Şergelaşvili plenar iclaslarda çıxış etmək üçün Konqres sessiyasına dəvət olunublar.


Konqresin bu sessiyası eyni zamanda “Gənclərin cəmiyyətdəki yeri” adı altında keçirilir və ilk dəfə olaraq 34 ölkədən yaşı 16-30 arası olan və yerli demokratiya sahəsində çalışan gənclər dəvət olunub.


Bundan başqa, sessiya iştirakçıları Konqresin və onun iki Palatasının (Yerli hakimiyyətlər və Regional hakimiyyətlər Palataları) yeni sədrlərini, habelə qurumun vitse-prezidentlərini və komitə sədrlərini seçəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR