Şimali Kipr Türk Cümhuriyyəti azərbaycanlı millət vəkilini mükafatlandırıb

Şimali Kipr Türk Cümhuriyyəti azərbaycanlı millət vəkilini mükafatlandırıb
# 04 may 2013 14:54 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevaya Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) mükafatı təqdim edilib. APA-nın məlumatına görə, mükafatı təqdim edən ŞKTC-nin millət vəkili Zorlu Töre bildirib ki, Q.Paşayeva Şimali Kipr türkləri ilə bağlı çox sayda məqalələr və iki kitab yazaraq, həqiqətlərin daha geniş yayılmasına böyük dəstək göstərib. Hər zaman Şimali Kipr türklərinin səsini beynəlxalq platformalar da daxil olmaqla, bütün platformalarda duyulur.

Z.Töre Dağlıq Qarabağ problemindən də danışıb. Azərbaycanın, türk millətinin vətəninin bir parçası olan Qarabağın işğaldan azad ediləcəyinə inandığını bildirib: «Bu istiqamətdə dünyanın hər yerində yaşayan türk kökənli insanlar Azərbaycanın yanında olmalı və öz dəstəyini əsirgəməməlidir. Qarabağ problemi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir».

Daha sonra ŞKTC Məclisinin xüsusi hədiyyəsi - ŞKTC-nin bayrağı Q.Paşayevaya təqdim edilib. Mükafata görə Z.Töreyə təşəkkürünü bildirən Q.Paşayeva bundan sonra da hər zaman Şimali Kipr türklərinin yanında olacağını, əlindən gələn dəstəyi heç bir zaman əsirgəməyəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR