SKMF xətti ilə indiyədək Bakı sahibkarlarına 197 mln. manatdan artıq güzəştli kredit verilib

SKMF xətti ilə indiyədək Bakı sahibkarlarına 197 mln. manatdan artıq güzəştli kredit verilib
# 25 sentyabr 2014 12:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu bu gün Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 80-ə yaxın sahibkar iştirak edib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində ölkə üzrə 4 018 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 202,3 mln. manat güzəştli kredit (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) verilib: “Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9 000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 877 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,3 mln. manat güzəştli kredit verilib. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir”.

Əmircan qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinə 9,9 mln. manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, zəfərançılıq, istixana təsərrüfatının yaradılması, çörək, un və un məmulatları, konserv məhsulları, beton istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 160-dan çox yeni iş yeri açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR