AzərTAc “France 24” telekanalı və Türkiyənin Qazi Universiteti ilə əməkdaşlıq edəcək

AzərTAc “France 24” telekanalı və Türkiyənin Qazi Universiteti ilə əməkdaşlıq edəcək
# 12 dekabr 2014 16:18 (UTC +04:00)

Bakı – APA. Fransanın nüfuzlu televiziya kanalı “France 24” AzərTAc ilə əməkdaşlıq etmək istəyir.


APA-nın məlumatına görə, bununla bağlı məsələlər “France 24” telekanalının Avropada yayım üzrə meneceri Hillari Bunkerlə AzərTAc-ın baş direktoru Aslan Aslanovun görüşündə müzakirə olunub.


Baş direktor Azərbaycanla Fransa arasında genişlənən əməkdaşlıq, qarşılıqlı mədəni layihələr, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, AzərTAc-ın keçdiyi yol, agentliyin xarici əlaqələri, dünya mediasındakı rolu barədə ətraflı məlumat verib.


Görüşdə videoxəbər, informasiya və təcrübə mübadiləsi ilə bağlı ikitərəfli əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparılıb. Gələcəkdə həm AzərTAc-da, həm də “France 24” telekanalında qarşılıqlı treninqlərin keçirilməsi barədə təkliflər səslənib.


AzərTAc-ın “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı informasiyalarının “France 24” ilə yayımlanması, həmçinin hər iki media orqanının internet səhifələrində bannerlərin yerləşdirilməsi imkanları nəzərdən keçirilib.

A. Aslanovun digər görüşü Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşarla olub. Görüşdə kadr hazırlığı, müasir media, informasiya mübadiləsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Görüşdə bildirilib ki, eyni mədəni və tarixi köklərə malik olan Azərbaycan və Türkiyə beynəlxalq arenada daim bir-birini dəstəkləyir və bu, əsl qardaşlıq və dostluq nümunəsidir. Türkiyənin bir çox universitetlərində, o cümlədən Qazi Universitetində təhsil alan azərbaycanlı gənclər dəyərli kadrlar kimi ölkəmizin müxtəlif qurumlarında çalışırlar. Bu ali məktəbdə tələbələrə yüksək təhsil verilir və AzərTAc Qazi Universitetinin jurnalistika fakültəsi ilə peşəkar kadr hazırlığı sahəsində əlaqələr qurmağa hazırdır. Müasir dövrdə sürətlə inkişaf edən media yüksək ixtisaslı jurnalistlərə böyük ehtiyac duyur.

Z. Avşar AzərTAc-ın beynəlxalq əlaqələr, xəbər yayımı sahəsində uğurlarını yaxından izlədiyini, agentliyin müasir standartlara uyğun fəaliyyət göstərdiyini vurğulayıb. O, Qazi Universitetində bir çox azərbaycanlı tələbənin təhsil aldığını, AzərTAc ilə jurnalist kadrların yetişdirilməsi, birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.

Görüşdə “Haber7.com” portalının rəhbəri İbrahim Ərdoğan, Türkiyənin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin əməkdaşı Mustafa Kamal Dağdələn, bu ölkənin Azərbaycandakı səfirliyinin mətbuat üzrə müşaviri Hamit Karadəniz də iştirak ediblər.


Müzakirələr zamanı AzərTAc ilə Anadolu Agentliyinin əməkdaşlığı yüksək qiymətləndirilib, qardaş ölkənin xəbər qurumları arasında informasiya mübadiləsinin, Azərbaycan və Türkiyə mediasının hər iki dövlətin ortaq maraqları mövqeyindən çıxış etməsinin, dezinformasiya ilə birgə mübarizə aparmasının vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR