Şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 75-ci ildönümünə həsr olunan xatirə gecəsi keçirilib - FOTO

Şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 75-ci ildönümünə həsr olunan xatirə gecəsi keçirilib - <span style="color: red;">FOTO
# 12 oktyabr 2014 10:16 (UTC +04:00)

Bakı-APA. “ÜNS” Yaradıcılıq Səhnəsində şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 75-ci ildönümünə həsr olunan xatirə gecəsi keçirilib.

APA-nın xəbərinə görə, xatirə gecəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

“ÜNS” Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva teatrın səkkizinci mövsümünün ilk tədbirinin məhz görkəmli alim Aida İmanquliyevaya həsr olunduğunu bildirib: “Elə şəxsiyyətlər var ki, vaxt bizi onlardan uzaqlaşdırsa da, onların işıqlı siması, parlaq surəti qəlbimizdə, ruhumuzda və yaddaşımızda silinməz izlər buraxır”.

N. Paşayeva A. İmanquliyevanın parlaq və nadir insan olduğunu deyib: “Onun ucalığı heç kəsin kiçilməsi demək deyildi. Onun parlaqlığı heç kəsi zülmətə qərq etmək vadarlığına gətirib çıxarmırdı. O, sözün əsl mənasında nadir və parlaq insan idi. Çünki onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə bir harmoniyada idi. Bu insan doğrudan da mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik idi. O, doğrudan da göründüyü qədər təbiətən gözəl idi. O, göründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi bacaran insanlardan idi. Əfsuslar olsun ki, ömür vəfa etmədi və o, indi aramızda yoxdur. Əlbəttə, o, bizim ailəmizin və başımızın tacı olub. O, bizim ürəyimizin məlhəmi olub. Onun yoxluğu zaman kəsiyində həsrəti azaltmayıb. Çünki Anaya olan həsrəti zaman heç vaxt azalda bilməz. Yaxşı dosta olan həsrəti heç bir uzun zaman azalda bilməz. Sevimli insana olan həsrəti ən böyük zaman azalda bilməz”.

Sonra A. İmanquliyevanın həyatından və elmi axtarışlarından bəhs edən film təqdim olunub.

Tədbir ötən əsrin 60-cı illərinin musiqiləri ilə davam edib. Bu nəğmələri “ÜNS” teatrının solistləri, “Bakı” musiqili tamaşasının iştirakçıları təqdim ediblər.

Qeyd edək ki, xatirə gecəsində Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelin, Misirin Ayn Şəms Universitetinin ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, professor Tarik Çələbi, Türkiyə Texniki Universitetinin professoru Sait Özervarlı, Memar Sinan Universitetinin professoru Tanju Seyhan və digər alimlər, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR