“Azərkosmos” I Avropa Oyunlarının peyk vasitəsilə yayımını həyata keçirəcək

“Azərkosmos” I Avropa Oyunlarının peyk vasitəsilə yayımını həyata keçirəcək
# 16 aprel 2015 15:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün I Avropa Oyunlarının Əməliyyat Komitəsi Qafqazın ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC-ni Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı elan edib.

Qurumun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bununla da “Azərkosmos” ASC I Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisi olub və tədbirin ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayacaq.

Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün, Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək.

Azərbaycan gənclər və idman naziri, “Bakı 2015”-in baş icraçı direktoru Azad Rəhimov bildirib: “Azərkosmos” Azərbaycanda böyük əhəmiyyəti olan, rəğbətlə qarşılanan şirkətdir və Avropa Oyunları yarışlarının 74 beynəlxalq yayım tərəfdaşımıza ötürülməsində çox önəmli yer tutacaq. Biz çox şadıq ki, “Azərkosmos” beynəlxalq idman aləmində böyük nüfuz qazanacaq Avropa Oyunlarının dəyərli, güclü tərəfdaş və dəstəkçilərinin sırasına qoşulur”.

“Azərkosmos” Qafqaz regionunda yeganə olmaqla Azərbaycanın ilk milli peyk operatorudur və dövlət, eləcə də, özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edir.

“I Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün tarixi hadisədir və biz bu cür mötəbər tədbirin rəsmi dəstəkçisi olduğumuz üçün məmnunuq. Azərkosmos ən son texnologiyadan istifadə etməklə cəmiyyətin inkişafına dəyər qatdığı üçün qürur hissi duyur və Bakı 2015 Oyunların hazırlıq prosesi zamanı öz yeniliklərini təqdim edir. Bizim vəzifələrimiz bir-birini mükəmməl şəkildə tamamlayır və biz birlikdə qalib komanda formalaşdıracağıq”, - “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev əməkdaşlıqla bağlı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR