"Təmiz Şəhər"in təşkil etdiyi yay məktəbinə qəbul yekunlaşıb

"Təmiz Şəhər"in təşkil etdiyi yay məktəbinə qəbul yekunlaşıb
# 30 iyun 2015 09:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. IDEA İctimai Birliyinin dəstəyi və Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin əməkdaşlığı ilə “Təmiz Şəhər” ASC-in ADA universitetində təşkil edəcəyi 4 günlük yay məktəbinə müraciət müddəti bitib

“Təmiz Şəhər”dən “APA-Economics”ə verilən məlumata görə, hazırda “0 Tullantı” adlı düşərgəyə göndərilən anketlər üzrə seçim işləri aparılır. Bu mərhələni keçən gənclər müsahibəyə dəvət olunacaqlar.

İyulun 21-24-də baş tutacaq maarifləndirici kamp tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, ekoloji layihələrin idarə olunması sahələrində gənclərin bilik və bacarıqlara yiyələnməsi məqsədi ilə keçirilir.

Yay məktəbi çərçivəsində gənclər tərəfindən ətraf mühitin qorunmasına töhfə verə biləcək layihələrin reallaşdırılması və dəstəklənməsi nəzərdə tutulur. Bununla yanaşı, yay məktəbinin rəngarəng tədbirlər proqramı gənclərin asudə vaxtının birlikdə təşkili, birgə çalışması, müxtəlif tədbirlərin köməyi ilə gənclərin ümumi intellektual səviyyəsinin artırılmasına imkan yaradacaq. Belə ki, yay məktəbində iştirak üçün seçim turundan keçəcək 40 gənc 4 gün ərzində tullantıların idarə olunması mövzusunda təlimlərdə, müxtəlif intellektual oyunlarda iştirak edəcək, bir neçə məlumat turuna qatılacaqlar.

“Təmiz Şəhər” artıq 5 ildir ki, məktəbli və gənclər üçün tullantıların idarəedilməsi və ətraf mühitin qorunması sahəsində müxtəlif mövzulu yay məktəbləri təşkil edir. Şəki, Quba, Lənkəran və Mingəçevir şəhərlərində keçirilmiş yay məktəblərində ümumilikdə 300-dən çox tələbə və gənc iştirak etmiş, bununla da ətraf mühitə öz müsbət töhfələrini veriblər.

İştirakçılar ADA universitetində ətraf mühitlə bağlı əyani işlərlə də tanış ola biləcəklər. Çünki, ADA Universiteti Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda LEED (enerji və ətraf mühit dizaynı üzrə liderlik) sertifikatının tələblərinə cavab verən ilk təhsil ocağıdır. Universitetin isitimə və soyutma sistemi bərpa olunan enerji hesab edilən geotermal istilik nasosları vasitəsilə həyata keçirilir ki, nəticədə ADA ildə havaya 1500 kubmetr CO2 daha az buraxır. Universitet həmçinin, “Təmiz Şəhər” ASC ilə tullantıların təkrar emalı üzrə əməkdaşlıq edir və tələbələrdə təkrar istehsal mədəniyyətini formalaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR