Sevinc Hüseynova: “Tural Abbaslının gətirdiyi arqumentlər əsaslı deyil”

Sevinc Hüseynova: “Tural Abbaslının gətirdiyi arqumentlər əsaslı deyil”
# 12 mart 2015 08:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Biz Tural Abbaslıya sorğu göndərmişdik ki, Qubad İbadoğlunun Müsavatdan çıxarılması ilə bağlı MNTK-ya təqdim etdiyi ərizədə göstərilən məqamları aydınlaşdırsın. Ancaq onun da iştirakı ilə keçirilən iclasda Tural Abbaslı bunu aydınlaşdıra bilmədi”.

Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova deyib.

S. Hüseynova Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslının digər keçmiş namizəd Qubad İbadoğlunun partiyadan çıxarılması ilə bağlı şikayət ərizəsinə MNTK-nın mənfi cavab verməsinə aydınlıq gətirib. O bildirib ki, T. Abbaslının gətirdiyi arqumentlər əsaslı deyil: “Ərizədə qeyd edib ki, Qubad İbadoğlunun partiyadan çıxarılması Nizamnaməyə ziddir. Biz də soruşduq ki, Nizamnamənin hansı bəndinə ziddir və nə ilə əsaslandırır? O, şifahi cavabında ərizədə göstərdiyini izah edə bilmədi, qarışıq bir cavab verdi. Biz ona şifahi şəkildə bildirdik ki, Qubad İbadoğlunun Müsavatdan xaric edilməsi ilə bağlı Divanın qərarını araşdırmışıq və orada heç bir Nizamnamə pozuntusu olmayıb. Divanın həmin iclasında də şəxsən mən iştirak etmişəm”.

T. Abbaslı isə APA-ya açıqlamasında MNTK-nın cavabı ilə razılaşmayıb. O, Divanı ciddi səbəb olmadan Q. İbadoğlunu Müsavatdan kənarlaşdırmaqda ittiham edib.

Xatırladaq ki, Q. İbadoğlu Müsavat Divanının qərarına əsasən Nizamnamənin 1.9-cu bəndini (partiya üzvünün partiyadaxili nizam-intizama əməl etməsi, partiyanın nüfuzunu qoruması) pozmaqda günahlandırılaraq təşkilatın sıralarından xaric olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR