“Xalq Bank” III rübü zərərlə başa vurub

“Xalq Bank” III rübü zərərlə başa vurub
# 21 oktyabr 2014 13:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin III rübündə “Xalq Bank”ın aktivlərinin həcmi 1 mlrd. 241,399 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,85% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, son 1 ildə bankın kredit portfeli 5,54% azalaraq 980,312 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 36,741 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 31,8% azdır.

Bankın ipoteka kreditlərinin həcmi oktyabrın 1-nə 63,540 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 41,4% çoxdur.

2013-cü ilin III rübü ilə müqayisədə bankın depozit portfeli bu ilin eyni dövründə 14,7% azalaraq 784,199 mln. manat olub. Hesabat dövründə əhalinin əmanətlərinin həcmi isə 669,398 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 12,3% azalaraq 178,661 mln. manat olduğu halda, nizamnamə kapitalı 7,3% artaraq 197,125 mln. 290 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 22,7% artaraq 71,518 mln. manat, xərcləri isə təxminən 7,4% azalaraq 45,775 mln. manat olub.

Bank bu ilin III rübünü 27 mln. 301 min manatlıq zərərlə başa vurub. Bunun əsas səbəbi isə bankın yenə də aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 53,5 mln. manat ehtiyat ayırması olub.

Hazırda bankın ölkə üzrə 21 filialı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR