Türk rəsm kolleksiyaçısı: “İbrahim Safi bu dünyadan Azərbaycan həsrətiylə getdi” - MÜSAHİBƏ

Türk rəsm kolleksiyaçısı: “İbrahim Safi bu dünyadan Azərbaycan həsrətiylə getdi” - <span style="color: red;">MÜSAHİBƏ
# 07 mart 2015 08:03 (UTC +04:00)

- Naci abi, 1898-ci ildə Naxçıvanda anadan olmuş, 1918-ci ildə İstanbula gələrək Türkiyənin ən önəmli rəssamları arasında yerini almış İbrahim Safi (Naxçıvandakı ad-soyadı Rəhman Səfiyev olub) ilə yaxın dost olmusunuz. Divardakı “Qaraçı qız” tablosunda da onun kiril əlifbasıyla “Raxman Safiyev” imzası var. İbrahim Safi ilə nə vaxt tanış olmuşdunuz?

- İbrahim Safinin adı gələndə mən özümü saxlaya bilməyib ağlayıram. (Doluxsunur.) Ömrünün axırlarına yaxın mənə ağlaya-ağlaya dedi ki, Naci bəy, mən özümü xoşbəxt hiss etmirəm. Naci ilə (kalmık mənşəli rəssam Naci Kalmıkoğlunu nəzərdə tutur – M. Ə.) pulumuz olmazdı, çörəyin arasında balıq yeyərdik, onda çox xoşbəxt idim. İndi maddi cəhətdən heç bir problemim yoxdur, xəstəliyimi də vecimə almıram, ancaq xoşbəxt deyiləm. İbrahim Safi öz vətənində incəsənət gimnaziyasını, İstanbulda isə İncəsənət Akademiyasını bitirmişdi. 1924-25-ci illərdə Atatürkün naturadan portretlərini çəkib. İbrahim Safi ilə mən 1940-cı illərin axırında tanış olmuşdum. O vaxt İstanbul bələdiyyəsində işləyirdim, rəsm kolleksiyası toplayırdım. Aylıq maaşımın bir qismini tablolara verirdim. İbrahim bəylə tanış olandan sonra evinin qapılarını mənə açdı, onu heç vaxt tək buraxmırdım, daima onu görməyə gedirdim. 1953-cü ildə - 55 yaşında ikən Zaxarina adlı yunan qadınla evləndi, qadının nəvələri vardı.

- Niyə yunan qadınla evlənmişdi? Həm də nəvələri olan biriylə...

- O vaxt rəssamların maddi vəziyyəti yaxşı olmadığına görə onlara qız verən kim idi? Zaxarina İbrahim Safini sevən insanları xoşlamırdı, bizim onunla görüşməyimizə mane olmağa çalışırdı. Ancaq İbrahim Safi həmişə mənimlə yaxın ünsiyyətdə olurdu, hara getsə, mənə məktublar yazırdı. Zaxarina ilə arabir Afinaya gedirdilər, oradan mənə yazdığı məktubları saxlayırdım, axırda sənə verdim.

- O məktubları mənə əmanət etdiyinizə görə sizə sonsuz təşəkkür borcum var...

- İbrahim bəy 5 may 1983-cü ildə vəfat etdi. Ölənə qədər 100 fərdi sərgi açmışdı. O vəfat edən kimi Zaxarina ən dəyərli tablolarını Yunanıstana apardı, kiçik tablolarını isə İstanbulda satıb özü Afinaya köçdü. Nə vaxt evinə getsəydim, görürdüm ki, Safi rəsm çəkir. Türkiyənin və Avropanın rəsm bazarında ən çox tablosu olan rəssam İbrahim Safi idi. Məncə, 10 mindən çox tablo çəkib. Zaxarina onun çox gözəl tablolarını Afinaya apardı.

- Kərim Mehmetzadə mənə demişdi ki, bərpa etməsi üçün Safiyə bir Məryəm ana tablosu vermişdim, onlarda qaldı...

- Onu da Zaxarina ələ keçirib. Yoxsa İbrahim bəy çox əliaçıq adam idi. Mən onun ümimi katibi sayılırdım, əksər işlərini mən həll edirdim. Məndən pul almadığına görə, tablo almaq istəyəndə başqasına pul verirdim, tablonu o mənə alıb gətirirdi. Bəzən isə İbrahim bəy mənə tablo hədiyyə edirdi. O vaxtlar məndə olan 20 tablosunu satıb bir ev aldım.

- Türkiyədə əsas kolleksiyaçıları kimlər idi?

- Xəstələnəndə professor dostu Ənvər Tali onu müalicə edirdi. Ənvər bəydə təxminən 350 tablosu olub. Əksəriyyətini Safi ona hədiyyə vermişdi. Ənvər bəy vəfat edəndən sonra Duran Tantəkin hərracda o tabloların çoxunu satdı. Safinin 350 tablosu indi çox böyük sərvətdir. İndi onun tabloları tapılmır. Bəzən hərraclara çıxarırlar, qiymətlər astronomik olur. Təxminən 10 il əvvəl bir kolleksiyaçıda 1X2 mer ölçüdə “Karvansaray” tablosunu görmüşdüm. Tablonun sahibi 1 milyon dollar istəyirdi. Əmin ol ki, 1 milyon dollar o tablo üçün az idi. İbrahim Safi Türkiyəyə “rəng” anlayışını gətirmiş sənətkardır. Türk rəssamları rəngin nə olduğunu ondan sonra dərk etməyə başladılar. O, həm də beynəlmiləl bir sənətkar idi. Biz uzun illərdən bəri Avropa Birliyinə üzv olmağa çalışırıq. İbrahim Safi isə o vaxtlar Avropa Birliyinə daxil olmuşdu, hər il Avropa ölkələrində bir neçə sərgi açırdı. Mən indiyə qədər onun kimi centlmen, hamıya hörmətlə yanaşan, sənətinə aşiq olan bir adam görməmişəm. Türk rəsm sənəti İbrahim Safidən çox şey öyrəndi.

- Sizinlə söhbətlərində doğulub-böyüdüyü yerlər barədə danışırdımı? Oralar üçün darıxdığını hiss edirdinizmi?

- İbrahim Safi daima doğulub-böyüdüyü yerlərin xiffətini çəkirdi. Bunu hiss etdirməməyə çalışsa da, mən daima gözlərindəki nisgildən sezirdim. Məncə, İbrahim Safi bu dünyadan gözləri açıq getdi, çünki doğulub-böyüdüyü və 20 yaşında tərk etdiyi doğma yurdunu bir daha görə bilmədi. O vaxtlar dəmir pərdə vardı, Safinin öz vətəninə getməsi mümkün deyildi. Safinin doğulub-böyüdüyü yerdə onun adına muzey açılmasını, əsərlərindən bəzilərinin o muzeydə nümayiş etdirilməsini elə çox istəyirəm ki... Bu işin qabağına düşən olsa, mən də əlimdən gələn köməyi etməyə hazıram. Ölkəsində Safinin adına muzey və ya onun da əsərlərinin nümayiş etdirildiyi sanballı bir sərgi açılsa, mən də məmnuniyyətlə açılışda iştirak edərəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR