Bank Of Baku

Moskvadakı universitetlər bomba xəbərdarlığına görə təxliyə olunur

Moskvadakı universitetlər bomba xəbərdarlığına görə təxliyə olunur
# 24 sentyabr 2026 15:07 (UTC +04:00)

Rusiya paytaxtında yerləşən Teatr Sənəti İnstitutunda (GİTİS) təxliyə həyata keçirilir.

Bu barədə TASS-a universitetin mətbuat xidmətindən məlumat verilib.

“Hazırda təhsil müəssisəsində tələbə və əməkdaşların təxliyəsi həyata keçirilir”, – universitetin nümayəndəsi bildirib.

Məlumata görə, ümumilikdə Moskvada azı 9 ali təhsil müəssisəsində tələbə və əməkdaşlar təxliyə edilib.

“Большой город” nəşri xəbər verir ki, Rusiya paytaxtında bir sıra universitetlərin binalarında bomba yerləşdirilməsi barədə məlumat daxil olub.

Təxliyə edilən təhsil müəssisələri arasında Rusiya Teatr Sənəti İnstitutu (GİTİS), Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universiteti, Dövlət Maarif Universiteti, Moskva Dövlət İdman və Turizm Universiteti, A.N. Kosıgin adına Rusiya Dövlət Universiteti, Moskva Beynəlxalq Universiteti, Ümumrusiya Xarici Ticarət Akademiyası, GİTR və Moskva Texniki Rabitə və İnformatika Universiteti (MTUSİ) yer alıb.

Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin mətbuat xidməti bildirib ki, hadisənin səbəbləri araşdırılır. Hazırda universitetin ərazisində polis və qəza-xilasetmə xidmətlərinin əməkdaşları işləyir.

Məlumata görə, GİTİS-in Kislovski keçidində yerləşən əsas binası da boşaldılıb. Dövlət Maarif Universitetinin bütün korpuslarından tələbə və əməkdaşlar çıxarılıb.

Bundan başqa, Moskva Dövlət Psixologiya-Pedaqoji Universitetində anonim mesajdan sonra dərslərin distant formata keçirildiyi bildirilib. Universitetin mətbuat xidməti təhlükəsizlik xidmətinin hadisə barədə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinə məlumat verdiyini açıqlayıb.

İlkin məlumata görə, təxliyəyə səbəb olan bomba xəbərdarlıqlarının yalan olduğu ehtimal edilir. Universitet binalarında yoxlamalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR