Novruz bayramı İçərişəhərdə təntənəli qeyd olunacaq

Novruz bayramı İçərişəhərdə təntənəli qeyd olunacaq
# 13 mart 2015 13:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Novruz bayramı İçərişəhərdə təntənəli şəkildə qeyd olunacaq. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq martın 20-dən 23-dək II Beynəlxalq Novruz Festivalının keçirilməsini nəzərdə tutub.

İdarədən bildirilib ki, dörd gün davam edəcək festivalda Azərbaycanla yanaşı, bu bayramı qeyd edən yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri də iştirak edəcəklər.

Festival günlərində Qoşa qala qapısı meydanında “Meydan bazarı” təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan bazarı”nda milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənəcək.

Festival çərçivəsində hər gün Qoşa qala qapısı meydanında, Qız qalası meydanında və Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçiriləcək. Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, 20-21 mart tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı olacaq və Novruz şənlikləri təşkil ediləcək.

“Qala” qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa qala qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR