MM üzvü Zahid Oruc: “Əminik ki, Türkiyə hakimiyyəti Azərbaycanın mövqeyini müdafiə etməkdə ardıcıl olacaq”

MM üzvü Zahid Oruc: “Əminik ki, Türkiyə hakimiyyəti Azərbaycanın mövqeyini müdafiə etməkdə ardıcıl olacaq”
# 22 noyabr 2014 15:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Ankara Universitetində Hrant Dink Vəqfinin təşkilatçılığı ilə 2 gün davam edəcək “Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda beynəlxalq konfrans başlayıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, konfransa Türkiyə, Ermənistan, ABŞ və Fransanın müxtəlif universitetlərindən nümayəndələr qatılıb. Çıxışçılar əsasən heç bir şərt olmadan iki ölkə sərhədlərinin açılmasının tərəfdarı qismində mütəmadi olaraq mövqe ortaya qoyan şəxslər olub. Konfransla bağlı Hrant Dink Vəqfinin saytında yerləşdirilən məlumatda da qeyd olunur ki, sərhəd qapılarının möhürlənməsi tək hər iki tərəfdəki insanların həyatını deyil, çoxlu sayda erməni əhalinin yaşadığı müharibə vəziyyətindəki Suriya da daxil, bütün bölgəyə təsir göstərir. Eyni zamanda qeyd olunub ki, sərhədlərin bağlı olmasına səbəb Dalıq Qarabağ münaqişəsidir. İddia edilib ki, sərhədlərin bağlı olması münaqişənin həllinə müsbət təsir göstərmir, münaqişənin həllini daha da mürəkkəbləşdirir.

Millət vəkili Zahid Oruc APA-ya açıqlamasında deyib ki, Hrant Dinkin yarımçıq qalmış ideyaları üzərində iş aparanlar dünyanın hazırkı aparıcı tendensiyaları ilə nə qədər üz-üzə durduqlarının fərqində deyillər: “Bəlkə də 8 ay, 1 il əvvəl həmin fondlar, onların beynəlxalq aləmdəki tərəfdarları və Türkiyə-Ermənistan arasında sərhədin açılmasından çox böyük fayda götürəcək qüvvələr belə konfranslar keçirsələr, biz onlara tarixdən misal gətirməklə cavab verəcəkdik. Amma Rusiya və Ukrayna arasında məlum hadisələr və Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsi bizi təzə arqumentlərlə təchiz edib. Necə olur ki, Qərb dairələri sərhədlərin açılmasını nəzərdə tutan Türkiyə və Ermənistan arasında imzalanmış Sürix protokollarını bu ölkələrin parlamentlərinə göndərtdirirlər, bu dövr ərzində protokolların parlamentlərdə təsdiqlənib həyata keçməsi üçün informasiya dəstəyi, diplomatik-siyasi dairələrin əli ilə, təzyiqlərlə bu protokolları gündəmdə saxlayırlar, amma özləri Rusiyaya qarşı bütün qapıları bağlamaq siyasəti yürüdürlər? Əgər sanksiyalar gərəkli diplomatik, siyasi, iqtisadi mexanizm deyilsə, yararsızdırsa, yaxud xalqları bir-birindən ayırırsa, Qərb də sanksiyalar tətbiq etməsin. Qərb nəinki Rusiyaya, bundan öncə İrana, Şimali Koreyaya və digər ölkələrə qarşı belə sanksiyalar tətbiq edib, qapıları möhürləyib, hətta bu sanksiyaları qanunvericilik aktları ilə möhkəmləndirib. Ona görə də bu gün Türkiyədə keçirilən konfransın, konfrans iştirakçılarının açıq şəkildə Türkiyə hakimiyyətinə təzyiqinin heç bir anlamı yoxdur. Türkiyə-Ermənistan sərhədləri bağlı qalmaqda davam etməlidir. “Qapıların möhürü” o zaman açıla bilərdi ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin”.

Z. Oruc qeyd edib ki, belə konfranslarda Sürix protokollarının gündəmə gəlməsi, Türkiyə-Ermənistan sərhədinin açılması, iki ölkə arasında əlaqələrin qurulması təklif olunur: “Guya nəticədə artıq Ermənistan Türkiyə əleyhinə təzyiq aləti olmayacaq. Kimsə buna inanırmı? Əksinə, mən düşünürəm ki, Qərb dairələri Ermənistanı bu təcrid durumundan çıxarandan sonra Ermənistan həm Türkiyə əleyhinə fəaliyyətini genişləndirəcək, həm də Azərbaycanın işğal olunmuş ərazilərində də daha çox möhkəmlənəcəklər. Ermənilər əmin olacaqlar ki, əgər bu gün hər hansı bir təsirlə sərhədləri açmağa nail olurlar, Avropa ilə əlaqə qurmaq üçün bir yol qazanırlar, deməli, işğala görə cəza yox, mükafat əldə edirlər. Ermənilər düşünəcəklər ki, niyə təkcə Qarabağla kifayətlənək? Ona görə də biz heç bir halda bu konfransı keçirənlərin, konfransı maliyyələşdirənlərin məramını bölüşə bilmərik, onları pisləyirik. Əminik ki, Türkiyə hakimiyyəti Azərbaycan dövlətinin, xalqının mövqeyini müdafiə etməkdə ardıcıl olacaq. Çünki biz təkcə Qarabağ məsələsindən, işğalın yaratdığı gerçəklikdən danışmırıq. Həm də Türkiyənin mənafeyindən çıxış edib, belə bir mövqe tuturuq. Bu konfransı keçirənlər Azərbaycanı itirməyin müqabilində Ermənistanı qazanmağı təklif edirlər. Ermənistan işğalçılıq siyasətindən əl çəksin, nəinki Türkiyə-Ermənistan sərhədlərinin açılması, Azərbaycanla Ermənistan arasında da əlaqələrin qurulması mümkündür”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa APA-ya bildirib ki, Türkiyə cəmiyyətində Türkiyə hökumətini yönləndirməyə çalışan qüvvələr var: “Həmin qüvvələr iddia edirlər ki, sərhədlərin bağlı olmasının Qarabağ məsələsinə bir faydası yoxdur, Azərbaycan bir şey edə bilmir, gərək özümüz bir şeylər düşünək. Amma bu, faydasız yanaşmadır, fərqli bir yol izlənilməsi vacibdir. Qüvvələrin səfərbərliyə alınaraq bu problemin həllində istiqamətləndirilməsi yolunu tapmalıyıq. Çünki Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Türkiyə üçün də eyni situasiyanı yaradır, Türkiyə də gələcəkdə bunun əziyyətini çəkəcək. Çünki erməninin Türkiyəyə güvənsizliyi bəlkə də Azərbaycana güvənsizlikdən daha artıqdır. Zaman-zaman belə tədbirlər keçirilir, belə mesajlar verilməyə çalışılır. Gərək biz buna qarşı əks arqumentlərimizi ortaya qoyaq, Türkiyə cəmiyyətinin diqqətinə çatdıraq. Əgər belə olmasa, müəyyən mənada bu tendensiya genişlənəcək. Biz də Türkiyədə belə konfranslar, tədbirlər keçirməli, Türkiyə cəmiyyətinə mesajlarımızı çatdırmalıyıq. Nəzərə çatdırmalıyıq ki, sərhədlərin açılması yönündə addımın atılması Türkiyənin özünün ziyanınadır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR