Kafedə ofisiantı qətlə yetirən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib

Kafedə ofisiantı qətlə yetirən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib
# 04 fevral 2013 14:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə ofisiantı qətlə yetirən Tərtər rayon sakini Büsat Əliyevin məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, B. Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, B. Əliyev 2012-ci il avqustun 5-dən 6-na keçən gecə, saat 4 radələrində Saray qəsəbəsi ərazisindəki kafelərdən birində işləyən Ağdaş rayon sakini, 21 yaşlı Şamo Məmmədovu qətlə yetirib. Hadisəyə səbəb Büsat Əliyevin bibisi oğlu ilə ofisiant işləyən Şamo Məmmədov arasında hesab üstə düşən mübahisə olub. Dostları ilə kafedə yemək yeyəndən sonra Büsat Əliyevin bibisi oğlu ofisiantdan hesabı istəyib. Şamo Məmmədov hesabın 8 manat olduğunu bildirəndə müştərilər onunla razılaşmayıblar. Onlar hesabın 6 manat olmalı olduğunu bildiriblər. Nəticədə mübahisə düşüb. Hadisədən sonra Büsat Əliyev həmin kafeyə gələrək, mübahisəni aydınlaşdırmaq istəyib. Bu zaman onunla Şamo Məmmədov arasında mübahisə düşüb. Döyüləcəyini görən B. Əliyev bıçağı Ş. Məmmədovun ürəyinə sancıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR