Prezident Andris Berzinş: «Latviya Azərbaycanı çox mühüm və etibarlı tərəfdaş hesab edir»

Prezident Andris Berzinş: «Latviya Azərbaycanı çox mühüm və etibarlı tərəfdaş hesab edir»
# 24 aprel 2013 21:45 (UTC +04:00)

Bakı-APA. «Latviya Azərbaycanı Cənubi Qafqazda çox mühüm və etibarlı tərəfdaş hesab edir». APA-nın məlumatına görə, bu barədə Latviya prezidenti Andris Berzinş Azərbaycan prezidenti İlham Əliyev ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

A.Berzinş Latviya ilə Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb: «Fikrimcə, biz öz siyasi və iqtisadi münasibətlərimizdə mühüm bir potensial səviyyəsinə çatmışıq və bu inkişaf sürətlə gedir. Çünki burada bizim, həmçinin təhsil sahəsinin nümayəndələri var və təhsil sahəsində əməkdaşlıq imkanlarını geniş şəkildə müzakirə edə bilərik. Latviyada 97 azərbaycanlı tələbə təhsil alır. Bu da, həmçinin bizim digər sahələrdə, o cümlədən iqtisadi sahədə münasibətlərimizin gücləndirilməsi üçün yaxşı zəmin yaradır. Bizim, həmçinin burada səhiyyə nazirimiz də var. Bu da əslində Latviya üçün olduqca mühüm bir sahədir. Bu, məhz insanların sağlamlığı, səhhəti ilə bağlı olan sahədir. Biz bu sahədə, həmçinin humanitar yardım göstərmək sahəsində çox fəalıq. Bu baxımından hesab edirəm ki, aramızda mübadilələr aparıla bilər. Həmçinin biz digər sahələrdə təcrübə mübadiləsini - tutaq ki, Avropa İttifaqı və Avropa təsisatları ilə iş sahəsində əldə etdiyimiz təcrübə ilə, sosial müdafiə sahəsindəki əldə etdiyimiz imkanlarla böyük məmnunluqla əslində mübadilə edə bilərik. Həmçinin pensiya sisteminin təkmilləşdirilməsinə və onun inkişafına dair fikir mübadiləsi apara bilərik. Digər sahələrə gəldikdə, zənnimcə, sərhədlərə nəzarət, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, insan alverinə qarşı mübarizə sahələrində də yaxşı təcrübə mübadiləsi baş tuta bilər».

Daha sonra Latviya prezidenti nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığa ayrıca toxunub: «Mən nəqliyyat sahəsinə toxunaraq aydın şəkildə qeyd etmək istərdim ki, Latviyada aviasiyanın inkişafı öz növbəsində bizim bu sahədəki qarşılıqlı apardığımız əməliyyatlara töhfə verə bilər. Bildiyiniz kimi, digər ticarət marşrutları var, biri “Zubr” adlanır. Bu, əslində konteyner daşıyan qatardır ki, bizim Baltik dənizi regionundan Qara dəniz regionuna çıxışı təmin edir. Bu da, zənnimcə, ən maraqlı fürsətlərdən biri ola bilər. Hesab edirəm ki, bu, Latviyanın potensialının açılmasında, onun daha cəlbedici olmasında irəliyə doğru atılmış bir addımdır.

2014-cü ildə Latviyanın paytaxtı Riqa Avropa mədəniyyəti şəhəri olacaq. Mən hesab edirəm ki, bu da mədəniyyət sahəsində əməkdaşlıq üçün müstəsna əhəmiyyət kəsb edir. Mənim fikrimcə, mədəniyyət sahəsi bizim üçün yaxşı potensial imkanlar açır. Zənnimcə, biz bütün dünyada özümüzü daha güclü şəkildə təmsil edə, mövqelərimizi gücləndirə bilərik.

İqtisadiyyat sahəsində əlaqələrimiz çox geniş vüsət alıb. Hesab edirəm ki, dünyada təhlükəsizlik və ölkələrimizin təhlükəsizliyi üçün gördüyümüz işlər çox vacibdir. Hesab edirəm ki, bu baxımdan bizim bir çox potensial imkanlarımız var. Biz birgə işləyərək yaxşı səylərlə böyük nəticələr əldə edə bilərik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR