Beynəlxalq institutlar Azərbaycan müxalifətinə birləşməyi təklif edib

Beynəlxalq institutlar Azərbaycan müxalifətinə birləşməyi təklif edib
# 04 mart 2013 12:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Azərbaycanda indiyə kimi müxalifətin uğursuzluğa düçar olmasının səbəbi vahid platforma, vahid ideya və vahid namizədlə çıxış etməməsidir”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə verib.

Partiya sədri bildirib ki, əvvəlki prezident seçkiləri bir daha təsdiq edib ki, müxalif düşərgədə yekdillik nümayiş olunmalıdır. Müxalifətin qələbəsinin bu birlikdən keçdiyini deyən Yusif Bağırzadənin sözlərinə görə, beynəlxalq institutlar da müxalifətə bu təklifi verib: “Siyasi partiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri seçkilərdə iştirak etməkdir. İndiyə qədər Azərbaycanda olan müxalifətin uğursuzluğunun səbəbi vahid platforma, vahid ideya və vahid namizədlə çıxış etməməsidir. Əvvəlki prezident seçkiləri bir daha onu təsdiq etdi ki, müxalif düşərgədə yekdillik nümayiş olunmalıdır. Siyasi birlikdən başqa, ikinci bir modellə seçkilərdə qələbə çalmaq mümkün deyil. Bu birlik olsa, həm xalq, həm də beynəlxalq təşkilatlar görərlər ki, doğrudan da Azərbaycanda fəaliyyət göstərən siyasi müxalifət təşkilatları bir araya gəliblər. Hətta Azərbaycanda fəaliyyət göstərən beynəlxalq institutlar da təklif edirlər ki, bir araya gəlin. Əlbəttə ki, bu gün biz bu yolda çox əziyyət çəkirik. Lakin əfsuslar olsun ki, bəzi siyasi təşkilatlar bu cür fikirləşmirlər. Lakin AMİP bu fikirdədir ki, hələlik vaxt var və biz bu barədə müzakirə apara bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR