Rusiyanın güləş üzrə əfsanəvi idmançısı Bakıda I Avropa Oyunlarına hazırlıqla tanış olub

Rusiyanın güləş üzrə əfsanəvi idmançısı Bakıda I Avropa Oyunlarına hazırlıqla tanış olub
# 15 oktyabr 2014 12:32 (UTC +04:00)

Bakı - APA. Dünən Bakı 2015 Avropa Oyunları Azərbaycana səfər etmiş Rusiyanın güləş üzrə əfsanəvi idmançısı Buvaysar Saytiyevi salamlayıb.

APA-nın xəbərinə görə, üç dəfə Olimpiya çempionu olan və sərbəst güləş üzrə dünyanın ən yaxşı idmançısı kimi tanınan B.Saytiyev Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ilə görüşüb və Avropa Oyunlarının baş ofisi ilə tanış olub.

Eyni zamanda 6 dəfə dünya və 6 dəfə Avropa çempionu olmuş B.Saytiyev Bakıya səfərinin bir hissəsi kimi Bakı 2015 Avropa Oyunlarının keçiriləcəyi bir neçə idman obyektinə də baş çəkib.

S.Kleq deyib ki, güləş Azərbaycanda ən məşhur idman növlərindən biridir və B.Saytiyev haqlı olaraq güləş əfsanəsi hesab olunur: “Ona görə də onun Bakıya səfəri və dünya səviyyəli təcrübəsini komandamız ilə bölüşməsi bizim üçün xoş oldu. Cənab Saytiyevi burada qəbul etmək və onun gələn ilin yayında keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi edəcək obyektlərdən bəzilərinə baş çəkməsi bizim üçün böyük şərəf idi”.

B.Saytiyev 10 ildən artıq müddətdə sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində üstünlüyünü qoruyub saxlayıb və 1996-cı il Atlanta, 2004-cü il Sidney və 2008-ci il Pekin Olimpiya yarışlarında çempion olub. Rusiyanın ən çox medalla təltif olunmuş idmançılarından biri olan Saytiyev Rusiya Federasiyasının “Dostluq” Ordeni ilə təltif edilib.

B.Saytiyev qeyd edib ki, bütün qitədə qeyd ediləcək I Avropa Oyunları böyük tarixi əhəmiyyətə malik yarışlar olacaq: “Mən həm Rusiyanın, həm də Avropanın elit idmançılarının bu cür möhtəşəm idman obyektlərində yarışacaqlarını səbirsizliklə gözləyirəm. Bakı 2015 Avropa Oyunlarının baş ofisinə gəlmək və onlardan gələn il keçiriləcək oyunlarla əlaqədar olaraq gedən ən son hazırlıq işləri haqqında eşitmək mənim üçün böyük şərəf oldu”.

Bakı 2015 Avropa Oyunlarında güləş üzrə yarışlar altı gün müddətində keçiriləcək. Heydər Əliyev Arenasında baş tutacaq yarışlarda sərbəst və yunan-Roma güləşi üzrə 480 idmançı 24 medal uğrunda mübarizə aparacaq.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR