Nazir: “Azərbaycanda "Elektron hökumət" xidmətlərinin 2020-ci ilədək hamı üçün əlçatan olması hədəflənir”

Nazir: “Azərbaycanda "Elektron hökumət" xidmətlərinin 2020-ci ilədək hamı üçün əlçatan olması hədəflənir”
# 09 iyul 2014 09:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gündən etibarən ADA Universitetində Qlobal Biznes və Texnologiya Assosiasiyasının universitetlə birgə təşkil etdiyi 16-cı Beynəlxalq konfrans keçirilir.

APA-Economics”in məlumatına görə, 9-12 iyul tarixlərinin əhatə edəcək konfransın mövzusu “Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər”dir. Tədbirdə 40-dan artıq ölkədən 175 nümayəndə iştirak edir.

İştirakçılar mədəni müxtəliflik, iqtisadi, texnoloji, sosial, hüquqi məsələləri əhatə edən, özəl və dövlət tərəfindən idarə olunan sənaye və təşkilatların idarə edilməsində qarşıya çıxan idarəetmə problemləri əhatə edən yazı və elmi məqalələrini təqdim edəcəklər. Konfransın təşkilatçıları arasında ADA Universiteti ilə yanaşı Portuqaliya, Yeni Zelandiya, Çexiya, Braziliya, Koreya, Tailand, Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyanın qabaqcıl biznes və texnologiya institutları da var.

Konfransda çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycanda "Elektron hökumət" xidmətlərinin 2020-ci ilədək hamı üçün əlçatan olması hədəflənir.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi 417 xidmətdən artıq 300-dən çoxu elektron formada təqdim edilir: "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilib. Bizim qarşımızdakı əsas hədəflərdən biri ixracı şaxələndirməkdir. Bunun üçün də qeyri-neft sektorunun inkişafına diqqət yönəltməliyik və buna görə də İKT-nin inkişafı əsas hədəflərdəndir. Dövlətin də bu sektorun inkişafı üçün xüsusi proqramı var”.

Ə. Abbasov Azərbaycan Dövlət Neft Fondunun dəstəyi ilə həyata keçirilməsi planlaşdırılan genişzolaqlı internetin inkişafı layihəsindən danışaraq qeyd edib ki, 2017-ci ilin sonunadək ölkə əhalisinin 85%-i, o cümlədən bütün ev təsərrüfatları, işgüzar subyektlər yüksəksürətli, genişzolaqlı internetlə təmin olunacaq.

Nazir bildirib ki, kənd yerlərində son istifadəçiyə verilən internetin sürəti 30, şəhər yerlərində isə saniyədə 100 meqabitə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR