Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarının azalması məsələsinə aydınlıq gətirib

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarının azalması məsələsinə aydınlıq gətirib
# 08 dekabr 2014 08:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) son dörd ayda valyuta ehtiyatlarının azalması məsələsinə aydınlıq gətirib.

APA-Economics”in sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, azalma ABŞ dollarının digər valyutalara qarşı möhkəmlənməsi ilə bağlı olmaqla mütləq yox, nisbi dəyişmə hesabına baş verib. Belə ki, valyuta ehtiyatları Mərkəzi Bankın investisiya strategiyasına uyğun olaraq ehtiyatların mütləq dəyərinin qorunması və gəlirliliyin təmin edilməsi məqsədilə ABŞ dolları ilə yanaşı, əsasən avro və ingilis funt sterlinqi olmaqla müxtəlif sərbəst dönərli valyutalara diversifikasiya olunaraq idarə olunur. Məhz buna görə də ABŞ dollarının bu valyutalara qarşı möhkəmlənməsi təbii olaraq ABŞ dollarında yenidən qiymətləndirmə nəticəsində ehtiyatların nisbi dəyərinin dəyişməsinə gətirib çıxarır.

Məlumatda qeyd olunur ki, iyul ayından valyuta ehtiyatlarında azalmaya baxmayaraq AMB-nin valyuta ehtiyatları son illərdə olduğu kimi 2014-cü ildə də artmaqda davam edir: “Bu ilin əvvəlindən valyuta ehtiyatları 6% artaraq noyabr ayının sonuna 14 996 mln. ABŞ dolları təşkil edir. Proqnozlar göstərir ki, artım növbəti ildə də davam edəcək”.

Xatırladaq ki, AMB-nin valyuta ehtiyatlarında artıq 4 aydır ki azalma müşahidə olunur. Belə ki, iyul ayı ilə müqayisədə avqustda rəsmi valyuta ehtiyatları 2,5 mln. dollar və ya 0,02%, avqustla müqayisədə sentyabrda 148,5 mln. dollar və ya 0,98%, sentyabrla müqayisədə oktyabrda 8,8 mln. dollar və ya 0,06%, oktyabr ayı ilə müqayisədə noyabrda 0,25% və ya 37,3 mln. dollar azalıb.

Ümumilikdə, iyul ayından başlayaraq ehtiyat 1,1% və ya 197,1 mln. dollar azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR