İrəli “Gənc Əkinçi” layihəsinə start verib

İrəli “Gənc Əkinçi” layihəsinə start verib
# 13 mart 2015 15:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün “İrəli” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondu ilə birgə “Gənc Əkinçi” layihəsinə start verib.

Birlikdən APA-ya verilən məlumata görə, “Gənc Əkinçi”nin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır.

Ümumilikdə layihədə 35 gənc jurnalist iştirak edir. Layihəyə cəlb ediləcək gənc jurnalistlərə peşəkar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçirilir. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlərin komandasının formalaşdırılması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir.

İsmayıllı rayonunda olan Akademiya iştirakçıları əvvəlcə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüblər. İcra başçısı bildirib ki, bu il İsmayıllı rayonunun “Gənclər Paytaxtı” seçilməsi bölgədə böyük inkişafa səbəb olub. O, jurnalistlərə regionda görülmüş və görülməsi planlaşdıran işlər haqqında ətraflı məlumat verib: “İsmayıllı rayonunda regionun ən böyük velosiped zavodu tikilir. Biz bu işi bolqarlarla birgə görürük. Bu ilin avqust ayında işlərin başa çatdırılması gözlənilir. İşlərin 51 faizi Azərbaycan, 49 faizi isə bolqar şirkətlərinin payına düşür. Bu zavod bir növ yığma sex olacaq”.

İH başçısı bildirib ki, İsmayıllının iqtisadiyyatının 80 faizini kənd təsərrüfatı təşkil edir: “Bu gün İsmayıllı özünü 100 faiz ət məhsulları ilə təmin edir. Bununla belə, 60 faiz taxıl istehsal edir. Hətta deyərdim ki, İsmayıllı rayonun tam gücü var ki, o, 100 tondan artıq buğda istehsal etsin. Azərbaycanda yeganə kolxoz İsmayıllıdadır”.

M. Sadıqov onu da əlavə edib ki, artıq rayonda Kənd təsərrüfatı məhsullarının online ticarəti üzrə “Yaşıl market” yaradılır.

Daha sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədli deyib ki, bu kimi layihələr gənc jurnalistlərin peşəkarlığının artırılmasında mühüm rola malik olacaq: “Hesab edirəm ki, “Gənc Əkinçi” Akademiyası layihəsində iştirak edən gənc jurnalistlər burada öz təcrübələrini təkmilləşdirməklə bərabər peşəkarlardan yeni məlumatlar də əldə edəcəklər. Bu layihə onların xarici mətbuata çıxışını təmin etməklə bərabər həm də ölkəmiz haqqında pis fikirdə olan insanlara əsl həqiqətləri göstərəcək”.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə layihə haqqında ümumi məlumat verib: “Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibətilə biz strateji olaraq gənc jurnalistlərdən ibarət “Gənc Əkinçi” Akademiyası layihəsi çərçivəsində komanda formalaşdırdıq. 35 nəfərdən ibarət Kütləvi İnformasiya Vasitələrinin (KİV), eləcə də informasiya agentliklərinin nümayəndələri bu Akademiyada iştirak edirlər”.

Sonra layihə iştirakçıları İsmayıllı rayonunun Mədəniyyət sarayında olublar. Bura ilə tanışlıqdan sonra gənc jurnalistlər “İrəli” İB-nin sədri Mirhəsən Seyidovun, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbovun, BDU-nun jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədlinin və “Türkel” TV-nin (TTV) baş direktoru Nadir Şəfiyevin mühazirələrini dinləyiblər.

Qeyd edək ki, layihə martın 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR