TürkPA Sosial, mədəni və humanitar məsələlər komissiyasının 2-ci toplantısı keçiriləcək

TürkPA Sosial, mədəni və humanitar məsələlər komissiyasının 2-ci toplantısı keçiriləcək
# 05 aprel 2013 07:31 (UTC +04:00)

Bakı – APA. Bu gün Ankarada TürkPA Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclası keçiriləcək. Qurumdan APA-ya verilən məlumata görə, komissiyanın 2-ci iclası Türkiyə parlamentində təşkil olunacaq. İclasda “Ortaq türk terminologiya fondunun yaradılmasına dair əsas məsələlər” mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılacaq.

Komissiyanın işində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə millət vəkilləri, TürkPA beynəlxalq katibliyinin əməkdaşları iştirak edəcək, komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, mövzu ilə bağlı fikir mübadiləsi aparılacaq. Türkiyə parlamentinin sədr müavini Sadık Yakutun komissiyanın iclasında iştirakı nəzərdə tutulub.

Eyni zamanda iclasda Türk Şurası baş katibinin müavini Qismət Gözəlov, TÜRKSOY baş katibinin müavini Fırat Purtaş, Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Mustafa Başkurt və Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin dilçilik üzrə komitəsinin sədr müavini Şerubay Kurmanbaylının iştirakı və çıxışları planlaşdırılıb.

Toplantıda TürkPA-nın cari ilin iyun ayında Ankarada keçiriləcək 4-cü plenar sessiyasında təqdim edilməsi məqsədilə “Ortaq türk terminologiya fondunun yaradılmasına dair əsas məsələlər” barədə hesabat sənədi və gələcək fəaliyyət üçün tövsiyə qərarının qəbul edilməsi gözlənilir. Eyni zamanda komissiyanın 3-cü iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR