Bu ildən etibarən imtahanlarda texnoloji yeniliklər tətbiq ediləcək

Bu ildən etibarən imtahanlarda texnoloji yeniliklər tətbiq ediləcək
# 01 iyun 2015 09:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ildən etibarən Azərbaycanda keçirilən imtahanlarda texnoloji yeniliklər tətbiq ediləcək.

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, bu ildən başlayaraq bütün sual kitabçaları unikal olacaq. Onun sözlərinə görə, hər sual kitabçasının üzərində hər şagirdin adı və soyadı yazılacaq: "Yenilik odur ki, hər kitabçanın səhifəsində şagirdin bar kodu qeyd olunub. Bu ilki kitabçalar yalnız 4 variantdadır, çünki texnologiyanın tətbiqi təzə istifadə edilir. Gələcəkdə hər bir auditoriyada 24 abituriyent imtahan verəcəksə, 24 variantlı kitabça edə biləcəyik. Çünki hər bir kitabça hər bir abituriyentə aid variantda ola bilər. Yeni kitabçada hər abituriyentin seçiminə uyğun dil seçimi var. Əvvəl isə bu ayrı kitabça formasında idi. Bu texnologiya bizə gələcəkdə yeni növ imtahanlarının keçirilməsinə şərait yaradacaq. Yazı işlərinin yoxlanılmasında artıq yeni texnologiya istifadə oluna biləcək".

M. Abbaszadə qeyd edib ki, belə növ imtahanlarda təkcə cavab kartları yığılmayacaq, eyni zamanda sual kitabçaları da yığılacaq: "Sual kitabçalarının şagirdlərə paylanılması prosesi hələ də davam edir. Çünki onlar sualların cavablarını seçmə yolu ilə aparıb cavab kartlarında bunu qeyd edirlər. Lakin yeni növ imtahanlara keçmək üçün yeni texnologiyalar tətbiq olunub və bununla da yeni növ imtahanların bünövrəsi qoyulub. Ola bilsin ki, 2-3 ildən sonra addım-addım yeni növ imtahanlara keçə biləcəyik. Bu ilki sınaq imtahanlarında artıq bu kimi sual kitabçaları abituriyentlərə təqdim olunub. Bir məsələ də var ki, imtahanlarda abituriyentlər kitabçaları dəyişə bilərlər. Bəzən bunu nəzarətçilər görmür. Yeni halda kitabçamın üzərində abituriyentin adı, soyadı və yeri qeyd olunur. Bu da imtahanlarda köçürmə hallarının sayını xeyli azaldıb. Bunun ilk olaraq əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında şahidi olduq. Misal olaraq, bu il əvvəlki illərin məzunları arasında 30 mindən çox abituriyentdən təxminən 10-a qədəri köçürmə etmişdi. Təbii ki, onların nəticələri ləğv edilib. Bu da onu göstərir ki, artıq köçürmə hallarının sayı azalır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR