İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib

İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib
# 26 yanvar 2013 18:23 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətində bu gün yenə zəlzələ baş verib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, təbii fəlakət yerli vaxtla saat 18:40-da qeydə alınıb.

Rixter şkalası üzrə 4.8 bal gücündə olan zəlzələnin episentri Vərzigan şəhəri olub. Zəlzələ 18.4 km dərinlikdə baş verib. Ardınca 2 dəfə 1.8 bal gücündə yeraltı təkanlar olub. Təbrizdə də binalarda titrəyiş hiss edilib, əhali qorxudan küçələrə çıxıb.

Təbii fəlakət nəticəsində dağıntı və tələfatın olmasıyla bağlı hələlik məlumat yoxdur. Lakin Təbrizin Əhər və Vərziganla telefon əlaqəsi kəsilib.

Qeyd edək ki, 2012-ci il avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Nəticədə rəsmi rəqəmlərə görə, 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR