Azərbaycanın 32 şəhər və rayonunda növbəti sınaq imtahanları keçiriləcək

Azərbaycanın 32 şəhər və rayonunda növbəti sınaq imtahanları keçiriləcək
# 10 aprel 2015 14:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 12-də respublikanın 32 şəhər və rayonunda sınaq imtahanları keçiriləcək.

TQDK-nın mətbuat xidmətindən APA-a verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı, Balakən, Ağcabədi, Ucar, Bərdə, Ağdam, Şəmkir, Gədəbəy, Ağstafa, Göyçay, Ağsu, Goranboy, Qəbələ, Sabirabad, Şirvan, Lənkəran, Astara, Xaçmaz və Qusar şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 64 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48376 abituriyent qeydiyyatdan keçib.


İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar.


Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR