Qadın hüquqları və zorakılıq mövzusunda dəyirmi masa keçirilib

 Qadın hüquqları və zorakılıq mövzusunda dəyirmi masa keçirilib
# 24 noyabr 2014 10:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi qadın hüquqları və zorakılıq mövzusunda dəyirmi masa keçirib.

APA-nın xəbərinə görə, tədbirdə məişət zorakılığı və bu kimi hallar müzakirə olunub.

İB-in sədri Kəmalə Məmmədova bildirib ki, BMT-nin Baş Assambleyası hər il 25 noyabrda qadın zorakılığı əleyhinə aksiya keçirir: “İctimai Birlik olaraq biz də sabahdan başlayaraq 16 gün davam edəcək aksiyaya start veririk. Həmçinin 29 noyabrda qadın zorakılığı əleyhinə fotosərgi keçiriləcək. Sərgidə sosial aktivliyi olan şəxslərin ictimaiyyətə müraciəti ünvanlanacaq".


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova isə qeyd edib ki, noyabr ayında zorakılıq əleyhinə ardıcıl tədbirlər həyata keçirilir: "Bu sahədə dövlət səviyyəsində işlər görülür. Lakin qanunla iş bitmir. Əsas bu qanunun regionlarda işləməsinə diqqət yetirməkdir. Bildiyiniz kimi, zorakılığa məruz qalmış qadının hüquq-mühafizə orqanlarına müraciəti birmənalı qarşılanmır. Buna görə də əksər hallarda qadınlar özləri zorakılığa məruz qaldıqlarını gizli saxlayırlar. Belə olan halda iş yardım mərkəzlərinin üzərinə düşür”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nəzakət Xudiyeva isə qeyd edib ki, “2010-cu ildə qəbul olunan “Məişət zorakılığı” haqda qanuna əsasən zorakılıq qurbanlarına hüquqi, tibbi, psixoloji və sosial yardım üçün sığınacaqların yaradılması qərara alınıb. Daha sonra qəbul edilən fərmana əsasən hər nazirliyin öhdəsinə yardım mərkəzlərinin yaradılması düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR