Bakıda “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Bakıda “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib
# 21 noyabr 2014 09:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisində “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransı UNİCEF Azərbaycan parlamenti ilə birgə təşkil edib.

Konfransda Milli Məclisin vitse-spikeri Bahar Muradova, parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Ailə, Qadın və Uşaq Problemlərinin həlli Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, deputatlar və digər şəxslər iştirak ediblər.

Çıxış edən B.Muradova bildirib ki, Azərbaycan parlamenti uşaq hüquqları ilə bağlı bir sıra qanunverici aktlar qəbul edib: “Azərbaycanda uşaq hüquqlarının qorunması və onların qorunması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Biz ali qanunverici orqan kimi uşaq hüquqlarının təmin edilməsinə, bu yöndə qanunvericilik bazasının təkmilləşdirilməsinə çox ciddi önəm veririk. Təsadüfi deyil ki, parlament uşaq hüquqları ilə bağlı bütün sazişlərə, konvensiyalara qoşulub, lazımi qanunları qəbul edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq hüquqlarının qorunması istiqamətində bir sıra işlər görülüb. Biz ölkəiçi siyasət aparmaqla yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirməyə çalışırıq. Xüsusilə də UNİCEF-lə əməkdaşlığa xüsusi diqqət yetiririk. Ölkədə uşaq hüquqlarının qorunması o zaman geniş vüsət aldı ki, bununla bağlı qurum yaradıldı. Bu sahədə qazanılan təcrübənin öyrənilməsi UNİCEF-ə üzv olan digər dövlətlər üçün də maraqlıdır”.

UNİCEF-in Azərbaycan bürosunun rəhbəri Andro Şilakadze isə bu konvensiyanın yaranması tarixindən danışaraq qeyd edib ki, 1989-cu ildə bir neçə ölkə bir araya gələrək, uşaq hüquqlarının qorunmasını üzərlərinə götürməklə bağlı qərar qəbul etdilər və bu konvensiyanı hazırladılar: “Azərbaycan isə bu konvensiyanı 1992-ci ildə ratifikasiya edərək qəbul edib”. O, Azərbaycanın hazırda keçid dövründə olduğunu vurğulayıb: “Növbəti 5-6 il ərzində Azərbaycan böyük gəlirlərə malik, inkişaf etmiş dövlət olduğunu bəyan edə bilər. Artıq ölkədə iqtisadi inkişafa nail olunduğunu özümüz də görürük. Hətta səhiyyə, təhsil və digər sahələrdə xeyli irəliləyişlər əldə edilib”. Azərbaycanda gender bərabərliyi sahəsində xeyli inkişafın olduğunu deyən UNİCEF rəhbəri qeyd edib ki, bununla belə, əlillərlə bağlı bəzi problemlər var: “Əlillər bizim kimi eyni əsaslarla cəmiyyətdə hərəkət edə bilirlərmi? Bu qarşıda duran və həlli tələb olunan vacib sualdır. Məktəblərdə gender bərabərliyinin təmin olunması ilə bağlı mühüm nəticələr əldə edilir. Ancaq əlillərin cəmiyyətə inteqrasiyası məsələsində bir sıra problemlər hələ də qalmaqdadır”. A.Şilakadze 0-6 yaş arasındakı uşaqların tərbiyəsinin və inkişafının xüsusi diqqətdə saxlanılmasının vacibliyini söyləyib.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək deyib ki, erkən nikah məsələlərinin, qız uşaqlarının təhsildən yayındırılması kimi halların hər ölkədə olan problemlərdir: “Ötən il Azərbaycanda 15 erkən toyun qarşısı alınıb. Bu il isə 7-8 belə toyu dayandırmışıq. Bizim müəssisənin nümayəndələri belə ailəyə mesaj göndərir ki, siz Azərbaycan qanunvericiliyini pozursunuz və sizə cinayət işi açıla bilər”. Komitə sədri bildirib ki, Azərbaycanda bəzi təşkilatlar bu problemlə bağlı rəqəmləri şişirdib düzgün məlumatlar çatdırmırlar: “Biz bu məlumatlardan daim təəssüfləndiyimizi bildirmişik. Biz yerli icra hakimiyyəti nümayəndələri ilə bu istiqamətdə iş aparır, onlara mühazirələr keçirir, bu məsələlər izah edirik. Bizim rayonlarda 11 mərkəzimiz var və onlar bu istiqamətdə səmərəli iş aparırlar”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə bildirib ki, Azərbaycan “Uşaq Hüquqları konvensiyası”na qoşulan ilk gündən qaçqın-köçkün uşaqları problemi ilə üz-üzə qalıb. Bu problemi Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in diqqətinə çatdırmaq istədiyini söyləyən komitə sədri qeyd edib ki, dövlətin qayğısı nəticəsində bu uşaqların həyat şəraiti qismən yaxşılaşıb: “Artıq qaçqınlıq dövrünü yaşayan həmin uşaqlar böyüyərək, ailə qurur və uşaq dünyaya gətirirlər. Bu da o deməkdir ki, Azərbaycanda qaçqın-köçkün uşaqların sayı daha da artır. Bu uşaqlar da psixoloji olaraq həmin problemləri yaşayırlar. Mən UNİCEF-in və digər beynəlxalq təşkilatların da diqqətini bu məsələyə yönəldirəm”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə virtual ailəmdə olan təhlükələrin daha ciddi və daha qorxulu olduğunu bildirib: “Çünki uşaqlar bu gün daha çox virtual məkanda, internetdə olurlar. Ən təhlükəlisi odur ki, onlar məlumatları, informasiyaları real aləmdən daha çox, virtual aləmdən əldə edirlər. Mən bura gələrkən bəzi statistik göstəricilərə baxdım. Ötən il 776, bu ilin 9 ayı ərzində isə 486 cinayət hadisəsi törədilib. Bunların bir çoxu da 13-14 yaşlı uşaqların törətdiyi cinayətlərdir. Bu, ciddi siqnaldır”.

Konfrans müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR