Niko Kovaç: “Azərbaycan yığması indi ciddi rəqibdi”

Niko Kovaç: “Azərbaycan yığması indi ciddi rəqibdi”
# 24 avqust 2015 09:39 (UTC +04:00)

Bakı – APA. “Robert Prosineçki Xorvatiya millisini çox yaxşı tanıyır. Bunda qeyri-adi bir şey yoxdu. O, güclü ekspertdi və komandamızı beş barmağı kimi tanıyır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç deyib.

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığmasının çalışdırıcısı sentyabrın 3-də Bakıda keçiriləcək qarşılaşma haqda fikirlərini açıqlayıb.

Kovaç millimizin çalışdırıcısı, həmyerlisi Robert Prosineçkinin yığmamızda gördüyü işləri müsbət dəyərləndirib: “Prosineçki ilə uzun illər bir yerdə çıxış etmişik. Onunla münasibətlərimiz də çox yaxşıdı. Sabiq komanda yoldaşım pis durumda olan millinin “sükanı arxası”na keçib. Cəmi 2 seçmə və 2 yoxlama oyununda komandaya rəhbərlik etməsinə baxmayaraq, yığmanı ayağa qaldıra bilib. Artıq bu yığmanın öz üslubu və siması formalaşıb. O, Azərbaycan millisini modernləşdirib. İndi bu komanda ciddi rəqibdi. Prosineçki futbolçu olanda da “Barselona”nın oyun üslubunu – topla oyunu çox sevirdi. İndi də bunu rəhbərlik etdiyi yığmaya aşılamaqdadı. Düzdü, millidəki ifaçıların hamısı buna uyğun səviyyədə deyil. İnanmıram ki, Osiyekdəki kimi yenə də Azərbaycan millisinə 6 qol vuraq. Həmin matçda meydan sahibi də biz idik. Bu dəfə isə səfərdə oynayacağıq. 35 dərəcə istidə bizim üçün çətin olacaq. Həm də Azərbaycanda futbol rəhbərləri Prosineçkidən nəticə gözləyir. Amma mən rəqibdən qorxmuram. Sadəcə, həmişə rəqibə hörmətlə yanaşıram”.

Qeyd edək ki, Kovaç və Prosineçki 1996-2002-ci illərdə Xorvatiya yığmasında birlikdə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR