Şəkidə keçirilən I Beynəlxalq teatr festivalı başa çatıb - FOTO

Şəkidə keçirilən I Beynəlxalq teatr festivalı başa çatıb - <span style="color: red;">FOTO
# 20 sentyabr 2014 16:11 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində sentyabrın 10-dan 19-dək Şəkidə davam edən birinci Beynəlxalq teatr festival başa çatıb. Festivalın bağlanış günü Şəkidə həmçinin görkəmli gülüş ustası, Xalq Artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin büstünün açılış mərasimi və 100 illik yubiley tədbiri keçirilib.

Yubiley tədbiri Şəki şəhərində Lütfəli Abdullayevin adını daşıyan küçənin başlanğıcında görkəmli gülüş ustasının büstünün açılışı ilə başlanıb. Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsinin yubiley tədbirinin onun doğulduğu Şəkidə keçirilməsinin şəhərin mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, ölkəmizdə ilk dəfə keçirilən beynəlxalq teatr festivalı çərçivəsində Azərbaycan mədəniyyətinə, mənəviyyatına, Azərbaycan teatr sənətinin inkişafına bütün varlığı ilə xidmət etmiş, kinomuzun inkişafına böyük töhfələr vermiş Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsi böyük bir töhfədir. Diqqətə çatdırılıb ki, prezident İlham Əliyev Lütfəli Abdullayevin 100 illik yubiley tədbirlərinin keçirilməsi ilə bağlı xüsusi sərəncam imzalayıb. Bu sərəncam əsasında Azərbaycanın demək olar bir çox şəhər və rayonlarında silsilə tədbirlər keçirilib.


Sonra yubiley tədbiri Şəki Dövlət Dram teatrında davam etdirilib.
Tədbir iştirakçıları teatrın foyesində də görkəmli gülüş ustasının həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.


Sonra yubiley tədbirinin iştirakçıları festivalın sonuncu tamaşasını - Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivinin təqdim etdiyi Əbdürəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” ikihissəli komediyasını izləyiblər.

Tamaşadan sonra kollektivə festivalın təşkilatçı qurumlarının diplomları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR